Jun 25, 2021 | 10:30 / Important events
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.d. Mustafa Mustafayev Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının Elmi şurasının qərarı ilə bu müəssisənin “Fəxri doktoru” seçilib və ona diplom təqdim olunub.
Diplomu Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının rektoru, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Vitali Velikanov təqdim edib. Rektor M.Mustafayevin uzun illər akademiya ilə əməkdaşlıq etməsi, beynəlxalq elmi-praktiki konfranslarda təşkilat komitəsinin üzvü olması, elmi məqalələrə, dissertasiya işlərinə, metodik tövsiyələrə rəylərin verilməsində fəal iştirakı haqqında ətraflı məlumatlar verib.
M.Mustafayev isə öz növbəsində təltif olunmasına görə, akademiyanın rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirib ki, bundan sonra da akademiya ilə sıx əməkdaşlıq edəcək, birgə doktorantların hazırlanması, tədris məsələlərinə öz töhfəsini verəcək.
O, daha sonra Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının Meliorasiya və tikinti fakültəsində keçirilən Müdafiə şurasının iclasına qatılıb, həmin fakültənin müəllim və tələbələrinin iştirak etdiyi seminarda Azərbaycan torpaqlarının müasir vəziyyəti, onların yaxşılaşdırılması, meliorativ vəziyyəti və yeni texnologiyaların istifadəsi, bitkilərin məhsuldarlığı haqqında geniş məlumat verib.
www.science.gov.az