
Jun 01, 2021 | 06:00 / Conferences, assemblies
AMEA-nın Dendrologiya İnstitutunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.
Tədbiri giriş sözü ilə açan institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, müəssisənin Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva şagirdləri təbrik edib. Bildirib ki, 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməsi 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfrası"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Müəssisənin elmi işçisi Aynur Hüseynova institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, burada yaradılmış park-bağ barədə şagirdlərə məlumat verib. Bildirib ki, burada bitən flora növlərinin sayına və yaşına görə Dendrologiya İnstitutu dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir. O, şagirdlərə ölkəmizin zəngin florası, biomüxtəlifliyə təsir edən amillər, aqrobiomüxtəliflik və onun əhəmiyyəti, canlı aləmin təbiətdə və insan həyatında rolu, Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən institut əməkdaşları uşaqları təbrik edib, onlara sağlam və xoşbəxt həyat yaşamağı arzulayıblar.
Sonda məktəblilər üçün müxtəlif mövzuları əhatə edən təlimlər, ekoloji oyunlar təşkil olunub.
www.science.gov.az