AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Kamillik və müdriklik zirvəsinə yetişən alim
May 17, 2021 | 12:00 / Jubilees
Read 823 times

Yaşadığı zaman və məkandan asılı olmayaraq, daxilindəki işığa doğru üz tutan, bütün varlığı ilə elmə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Yüksək mənəvi idealları ilə tanınan belə ziyalıların həyat amalı ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb. Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, yüksək tədqiqatçılıq məharəti ilə cəmiyyətdə rəğbət qazanmış belə ziyalılardan biri də Azəbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Maqsud Rüstəm oğlu Qurbanovdur. Bu günlərdə şərəfli ömür yolunun 80-ci pilləsinə - kamillik və müdriklik zirvəsinə yetişən alimin həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa tam haqqı çatır.

Maqsud Qurbanov 1941-ci ildə qoca Şərqin qapısı olan Naxçıvan Muxtar Respublikasının Şərur (indiki Kəngərli) rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Biologiya fakültəsini biologiyaşünas, biologiya və kimya müəllimi ixtisasları üzrə bitirən M.Qurbanov hələ tələbə ikən 1966-1968-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. Təhsilini qiyabi şöbədə davam etdirən M.Qurbanov 1968-1970-ci illər ərzində zabit qismində hərbi xidmət keçmişdir. Ordudan tərxis edildikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya sektorunda baş laborant vəzifəsində çalışmışdır. Lakin botanika elminə olan həvəs onu Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutuna gətirmiş, burada kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1981-2000-ci illərdə isə Toxumşünaslıq yaradıcı qrupunun rəhbəri olmuşdur. 2000-2002-ci illərdə AMEA-nın Mərkəzi Nəbatat Bağında aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Maqsud müəllim 2002-ci ildən Mərkəzi Nəbatat Bağının baş elmi işçisidir.

Xarakterindəki ciddilik, ona tapşırılan işləri yüksək səviyyədə yerinə yetirməsi, öz üzərində dayanmadan işləməsi, daim elmi axtarışda olması, vaxtın qədrini bilməsi Maqsud müəllimə işlərində həmişə uğur qazandırıb. O, 1975-ci ildə “Göyrüş (Fraxinus L.) növlərinin Abşeron şəraitinə introduksiyası, onların yaşıllaşdırma və meşəsalma işlərində əhəmiyyəti” mövzusunda fəlsəfə, 1985-ci ildə “Oduncaqlı bitkiləri introduksiya edərkən toxumvermənin kompleks qiymətləndirilməsinin və toxum keyfiyyətinin yüksəldilməsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. 1985-ci ildə SSRİ-nin Ali Attestasiya Komissiyası tərəfindən ona baş elmi işçi adı verilmişdir. Tanınmış alim 2001-ci ildə “Botanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmiş, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır.

Alimlik erudisiyası, intellektual səviyyəsi ilə elmi ictimaiyyətin etimadını qazanan M.Qurbanov ictimai fəallığı, təşkilatçılıq fəaliyyəti ilə də seçilir. Onun 1978-ci ildən keçmiş SSRİ Nəbatat Bağları Şurasının İntrodusentlərin toxumşünaslıq və toxumçuluq komissiyasının daimi üzvü, 1981-ci ildən isə Cənubi Qafqaz üzrə analoji komissiyanın sədri kimi elmi tədqiqat işlərinin əlaqələndirilməsində mühüm əməyi olmuşdur. O, 1997-ci ildə Türkiyə Respublikası Giresun şəhərinin fəxri vətəndaşı seçilmişdir. Maqsud müəllim 2002-ci ildən Amerikanın Bioqrafiya İnstitutunun fəxri müşaviridir.

Alim 1973-cü ildə Azərbaycan SSR EA Botanika İnstitutunun, 1976-cı ildə SSRİ EA Baş Nəbatat Bağının və 1979-cu ildə Zaqafqaziya və Orta Asiya Nəbatat Bağları Şuralarının birgə təşkil etdikləri Azərbaycan və Qafqaz floralarının öyrənilməsi üzrə elmi ekspedisiyaların tərkibində elmi tədqiqat işləri aparmış, introduksiya məqsədilə əkin və səpin materialları toplamışdır.

Bütün rahatlığını elmdə tapan, bu illər ərzində yalnız elmi ictimai fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən Maqsud Qurbanov botanika elmini daim inkişaf etdirən əvəzsiz tədqiqatçıdır. Onun elmi tədqiqatları bitkilərin introduksiyası, ekologiyası, biologiyası və toxumşünaslığının əsaslarına həsr edilmişdir. Maqsud müəllim bitki introduksiyası ilə bağlı vəziyyətin qiymətləndirilməsinin qrafiki-inteqral, toxumların böyüdülmüş təsvirli rentgenoqrafiya, bioloji aktiv maddələrin təsiri ilə toxum keyfiyyətinin yüksəldilməsi metodlarını, toxum keyfiyyətinin obyektiv qiymətləndirilməsi üçün bölgünü, bitkilərin böyümə, meyvə və toxumvermə proseslərinin riyazi modelləşdirmə vasitəsilə proqnozlaşdırma üsulunu işləyib hazırlamışdır. Onun tərəfindən toxumların rentgenoloji analizi məqsədilə universal təsnifat işlənib hazırlanmış və bu yolla 500-dən çox bitki növü toxumlarının morfostrukturu və keyfiyyət göstəriciləri araşdırılmışdır. O, ilk dəfə olaraq Abşeron yarımadasına introduksiya olunmuş bitkilərin toxumverməsinin və toxum keyfiyyətinin yüksəldilməsinin kompleks qiymətləndirilməsinin elmi əsaslarını işləmiş, 52 fəsiləni və 124 cinsi təmsil edən 325 növ oduncaqlı introdusentin toxumvermə xüsusiyyətlərini təhlil edərək, Abşerona gələcəkdə introduksiya olunacaq yeni növlərin perspektiv mənbələrini aşkar etmişdir. Formalaşmaqda olan toxumların keyfiyyətinin ana bitkilərin bioloji xüsusiyyətlərindən asılılığını, onların çətirdaxili yerləşməsindən, o cümlədən kauli-rami-subakro və akrokarpik əmələgəlmə yerindən asılı olaraq müxtəlif keyfiyyətli olmasını müəyyən etmişdir.

Tanınmış alim tərəfindən toxum və tozcuqların keyfiyyəti arasındakı müsbət korrelyasiya əlaqəsinin mövcudluğu eksperimental olaraq sübut olunmuş, introdusentlərin növündən və həyat formasından asılı olaraq ilkin toxumvermənin məkana və zamana bağlı olduğu aşkar edilmiş, ətraf mühitin ekoloji amillər kompleksinin oduncaqlı bitkilərin meyvə və toxumverməsinə göstərdiyi təsir qiymətləndirilmiş, onların məhsuldarlığının proqnozlaşdırılması üçün riyazi model tərtib edilmişdir. O, toxumların rentgenoqrafiya metodu ilə təyin edilən inkişaf sinfi ilə onların cücərməsi və alınan cücərtilərin boy və inkişaf ritmi arasındakı müsbət korrelyativ əlaqəni meydana çıxarmışdır. Poliploid fərdlərin toxumlarının aşağı keyfiyyətli olması müəyyən edilmiş, belə bitkilərin əmələ gətirdiyi toxumların həyat qabiliyyətinin yüksəldilməsi üçün müxtəlif ploidli formaların hibridləşdirilməsi metodu təklif olunmuşdur ki, bu da bitkilərin seleksiya və introduksiyası üçün mühüm elmi-praktiki əhəmiyyət daşıyır.

Maqsud müəllim texnogen çirklənmə şəraitindəki toksiki sənaye tullantılarının təsirinə qarşı verilən cavab reaksiyalarına görə bitkilərin ekoloji qruplarını təsnif etmişdir. Əldə olunan elmi nəticələr əsasında 4-9 avqust 1997-ci il tarixində Türkiyənin Giresun şəhərində keçirilən Çevrə və Barış üzrə Beynəlxalq Avroasiya konqresində “Texnogen çirklənmə şəraitində əmələ gələn meyvə və toxumların bioloji və rentgenoloji xüsusiyyətləri” adlı məruzə ilə çıxış etmişdir. 2005-ci ildə nəşr etdirdiyi “Toksiki tullantıların bitkilərin vegetativ orqanlarına təsiri” adlı məqalədə bitkilərin həyatında çox mühüm rol oynayan karbon 4-oksidin atmosferdəki miqdarının 2025-ci ilə qədər artma təhlükəsini qabaqcadan proqnozlaşdırmış və bu mülahizələr eyni zamanda 2010-cu ildə Türkiyənin Artvin Çoruh Universitetinin jurnalında həmmüəllifliklə nəşr olunan “Texnogen çirklənmənin meşə bitkilərinə təsiri” adlı məqalədə öz əksini tapmışdır.

M.Qurbanov bitkilərin meyvə və toxumlarının diaqnostik əhəmiyyətli morfostruktur əlamətlərinə görə onların mənsub olduqları cins və növlərin təyin edilməsi üçün dixotomik, rəqəmsal politomik və hərfli-rəqəmsal politomik təyinat açarlarını tərtib etmişdir. Onun işləyib hazırladığı qeyri-ənənəvi hərfli rəqəmsal politomik təyinat üsulu karpoloji informasiyaların kompüter, mobil telefon və digər elektron vasitələrində işlənilməsi və bitki növlərinin meyvə və toxumlarına görə qısa bir zaman ərzində kifayətedici dəqiqlik və yüksək çevikliklə təyin edilməsinə xidmət etməklə yanaşı, mübahisəli növlərin obyektiv diaqnostikası üçün həm nəzəri, həm də əməli baxımdan faydalıdır.

Professor Maqsud Qurbanov təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınan zəhmətkeş alimlərimizdəndir. Onun rusiyalı həmkarları ilə birlikdə ilk dəfə olaraq işləyib hazırladığı “Oduncaqlı bitkilərin toxumlarının rentgenoloji analiz metodu” adlı dövlət standartları hüquqi əsaslı rəsmi dövlət sənədi kimi MDB məkanındakı respublikalarda istehsalata tətbiq edilməkdədir. Onların iqtisadi səmərəsi hər bir analizin aparılmasına sərf edilən vaxtın qısaldılması və maya dəyərinin 100% azaldılmasındadır. Həmin standartlar keçmiş SSRİ-nin Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində nümayiş etdirilərək gümüş medala layiq görülmüşdür. M.Qurbanovun toxumların rentgenoloji analizi üçün işləyib hazırladığı universal təsnifat Rusiyanın N.Q.Çernışevski adına Saratov Dövlət Universitetinin Balaşovski filialının 2004-cü ildə nəşr etdirdiyi “Məktəbyanı sahədə ekologiya dərslərinin nəzəriyyə və praktikası” adlı metodik vəsaitdə yer almışdır.

Maqsud müəllimin zəngin elmi potensialı, yüksək təşkilatçılıq qabiliyyəti, yeniliklərə və təşəbbüslərə açıq olması, zamanla ayaqlaşmaq və daha irəlini görmək bacarığı ona həmişə hörmət, ehtiram və nüfuz qazandırmışdır. Tanınmış alimin apardığı elmi tədqiqat işlərinin yüksək səviyyədə təşkili sayəsində 1981-ci ildə Bakı şəhərində “İntrodusentlərin toxumşünaslığı və toxumçuluğu” üzrə VI Ümumittifaq müşavirə keçirilmişdir.

M.Qurbanovun apardığı çoxsaylı tədqiqatların uğurlu nəticələri, botanika elmi üzrə sanballı əsərləri, elmi axtarışları geniş mütəxəssislər auditoriyasına yaxşı tanışdır. Alim 174 elmi əsərin, o cümlədən 4 monoqrafiya və 4 kitabın müəllifi, “AMEA Mərkəzi Nəbatat Bağının elmi əsərləri” toplusunun baş redaktorudur. Onun redaktorluğu ilə müxtəlif müəlliflərin 15 monoqrafiya və kitabı işıq üzü görmüşdür. Əldə etdiyi nəticələr müxtəlif yerli və xarici beynəlxalq simpozium və konfranslarda, çoxsaylı elmi tədbirlərdə məruzə edilmişdir.

Peyğəmbərimiz buyurmuşdur: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elm eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”. Maqsud müəllimi tanıyanlar bu xüsusiyyətlərin dördünün də onda cəmləndiyini təsdiq edərlər. İndiyədək çox sayda bioloq alimin yetişməsində böyük xidmətləri olan alim bu gün də elmi kadr hazırlığında öz sözünü deyir. Maqsud müəllimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə biologiya və aqrar elmlər üzrə 3 nəfər elmlər, 8 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Tanınmış alim yüksək elmi səviyyəsi, ünsiyyət bacarığı, təmkini, mədəniyyəti, tələbkarlığı, sadəliyi ilə fərqlənən ziyalılarımızdandır. O, AMEA Mərkəzi Nəbatat Bağının və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun elmi şuralarının üzvüdür. Uzun illər ərzində AMEA Botanika İnstitutunun nəzdindəki Dissertasiya şurasının və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış şuranın üzvü və seminar şurasının sədri, Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya üzrə problem şurasının üzvü və həmin şuranın Botanika seksiyasının sədri olmuşdur.

Dəyərli bioloq-alimin elm qarşısındakı xidmətləri AMEA-nın rəhbərliyi tərəfindən daima qiymətləndirilmişdir.  M.Qurbanov 2011-ci ildə Azərbaycanda botanika elminin inkişafındakı xidmətləri və anadan olmasının 70 illiyi ilə əlaqədar AMEA Rəyasət Heyətinin, 2019-cu ildə uzunmüddətli səmərəli elmi və ictimai fəaliyyətinə görə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

Əsl insan üçün ən xarakterik keyfiyyətlərdən biri də məhz əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Bu mənada, 80 illik yubileyi tamam olan Maqsud Qurbanovu həm də təşəbbüskar, yeniliklərə can atan, elmi tədqiqatlardan ruh alan dəyərli alimlərdən saymaq olar. Botanika və aqrar elmlərin inkişafında xüsusi xidmətləri olan tanınmış alim bu gün də elmimizin, təhsilimizin mütərəqqi ruhda inkişafına öz töhfəsini verir.

Maqsud müəllimi şərəfli yubileyi münasibətilə təbrik edir, Azərbaycan elminin inkişafı yolunda ona yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS