AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur
Mar 04, 2021 | 06:00 / New publications
Read 213 times

Qarabağ “yaşıl enerji” zonasıdır və bu bölgə alternativ enerji mənbəyinə çevriləcəkdir. Ənənəvi enerji mənbələrinin ətraf mühitə vurduğu külli miqdarda ziyanı və müəyyən zaman çərçivəsində tükəndiyini nəzərə alsaq, bərpa oluna bilən alternativ enerji mənbələrinin fasiləsiz fəaliyyət göstərməsi və ekoloji təmizliyin qorunmasına olan töhfəsi energetika sektorunda əsaslı tranzisiyaya zərurət yaradır və təbii olaraq ölkəmiz də bu sahədə artıq öz sağlam addımlarını atmışdır.

Prezident İlham Əliyevin Fərmanına əsasən təsis edilmiş Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Azərbaycanın həm uzunmüddətli və buna əsasən sərfəli, həm də ekoloji cəhətdən təmiz və faydalı enerji mənbəyi olan yaşıl enerjiyə keçidin vacibliyinə verdiyi dəyərin bariz nümunəsidir. Eyni zamanda ölkəmizin 10 iyun 2009-cu il tarixində həmin ildə təsis edilmiş hökumətlərarası təşkilat olan və Birləşmiş Millətlər Təşkilatının rəsmi müşahidəçisi statusunu alan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə (International Renewable Energy Agency - IRENA) qoşulması Azərbaycanın sözügedən sahədə uğur əldə etmiş ölkələrin təcrübəsindən yararlanmağın əhəmiyyətini prioritet hesab etməsini və müvafiq olaraq beynəlxalq əməkdaşlığa və investisiyaların cəlbinə doğru yol almasını göstərir. Qeyd etməliyik ki, Azərbaycan Respublikası ərazisində beş milyard kilovatt-saat enerji almaq üçün alternativ enerji mənbələri mövcuddur və mütəxəssislər bildirirlər ki, bunların 60 faizi Qarabağda olan çayların payına düşür.

İşğal olunmuş torpaqların azad olunması uğrundakı haqlı savaşından qalib çıxan ölkəmizin qarşısındakı ilk missiya otuz ilə yaxın erməni vandallarının vəhşilikləri nəticəsində dağıdılmış ərazilərimizin yenidən qurulması və abadlaşdırılması olmuşdur və təbii olaraq bu proses mütləq bir şəkildə dayanıqlı, möhkəm və müfəssəl təməllər əsasında aparılır. Bunun ən aşkar nümunəsi işğal altından azad olunmuş Laçının Güləbird kəndində 8 meqavatt gücündə Su Elektrik Stansiyasının (SES) istismara verilməsidir. Hansı ki, bu stansiya azad edilmiş torpaqlarımızda fəaliyyətə başlayan ilk elektrik stansiyası hesab edilir və bununla da erməni vəhşiliyindən xilas edilmiş ərazilərimizdə alternativ enerji mənbələrindən istifadə üçün ilk addım atılmış olur. Hidroenerji dünyada ekoloji baxımdan ən təmiz enerji növüdür və Azərbaycan bu enerji növündən tam yararlanmaq üçün əlverişli potensiala sahibdir. Ümumi olaraq deməliyik ki, Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi Qarabağ və ətraf ərazilərdədir, fəqət həmin ərazilərdəki otuza yaxın kiçik su elektrik stansiyaları düşmən tərəfindən dağıdılıb. Təbii olaraq tələf edilmiş elektrik stansiyaları bərpa ediləcək, yenidən quraşdırılacaq və yeniləri inşa ediləcəkdir. Həm böyük, həm də kiçik su elektrik stansiyalarının inşası və bərpasından sonra həmin ərazilərdə böyük miqdarda elektrik enerjisi əldə etmək mümkün olacaq. Artıq Laçında dağıdılmış daha dörd SES-in bərpa edilməsi və Kəlbəcər ərazisindəki on iki stansiyanın yenidən qurulması planlaşdırılır. Ümumiyyətlə, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərdə böyük və kiçik çayların üzərində bir deyil, bir neçə elektrik stansiyası qurmağa imkan var və bu çaylar üzərində qurulan stansiyalar enerji mənbəyinin böyük bir hissəsini təşkil edəcək. Sözügedən ərazilərdə Azərbaycan tərəfi üçün ümumi gücü 140 meqavatt olacaq SES-lərin tikintisi planlaşdırılır ki, bu da özlüyündə illik 360 milyon kilovatt-saat elektrik enerjisinin istehsalı deməkdir. Xüsusilə vurğulamalıyıq ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşağı bəndlərinin və su elektrik stansiyalarının inşası Araz çayının su və enerji ehtiyatlarından həm Azərbaycan Respublikası, həm də İran islam Respublikasının birgə istifadəsinə imkanlar yaradır. 1,6 milyard kubmetrdən çox su tutumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavatt olan bu stansiyalar Azərbaycanda həcminə görə Mingəçevir (402 meqavatt) və Şəmkir (380 meqavatt) Su Eelektrik Stansiyalarından sonra üçüncü yerdə gəlir. Sözügedən SES-lər və bərpası və inşası planlaşdırılan digər pilot layihələr Qarabağımızda və ətraf ərazilərimizdə dayanıqlı enerjini təmin etməyə imkan verəcək.

Ələlxüsus vurğulamalıyıq ki, Qarabağ və ətraf əraziləri yalnız hidroenerji deyil, həm də Günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan mənbələrlə zəngindir. Qarabağın dağlıq ərazidə yerləşməsi təbii olaraq bu bölgəni külək enerjisi potensialına yüksək dərəcə uyğun hala gətirir. Xüsusilə, Laçın və Kəlbəcər rayonlarının dağlıq hissələrində 100 metr hündürlükdə küləyin orta illik sürəti 7-8 metr/saniyəyə çatan geniş ərazilər mövcuddur. Ümumi olaraq, ölçü stansiyalarının quraşdırılması yolu ilə Qarabağ və ətraf ərazilərimizdə külək enerjisinin potensialının hesablanmaları həyata keçirilir. İlkin qiymətləndirmələrə əsasən, burada küləyin potensialı 300-500 meqavatadəkdir. Bundan əlavə, dəniz səviyyəsindən 1500-3800 metr hündürlükdə yerləşən Kəlbəcər kimi rayonlarımızda ildırım enerjisindən istifadə olunması planlaşdırılır və buna əsasən, yüksək ərazilərdə ildırım ötürücülərin quraşdırılması nəzərdə tutulur.

Qarabağ və ətraf ərazilər həm də dünyada ən əlverişli mənbələrdən biri hesab olunan Günəş enerjisi üçün müvafiq imkana sahibdir. Təqribi qiymətləndirmələrə əsasən, regionda 4000 meqavattdan çox Günəş enerjisi potensialı var. Qarabağın cənub hissəsi - Füzuli, Cəbrayıl və Zəngilan rayonları bir kvadrat metr əraziyə düşən Günəş radiasiyasının miqdarına görə, Naxçıvan Muxtar Respublikasından sonra ikinci yerdə gəlir. Belə ki, bu ərazilərdə bir kvadrat metr üfüqi səthə düşən Günəş radiasiyası ildə 1600-1700 kilovatt-saat təşkil edir. Qeyd edək ki, mütəxəssislər tərəfindən ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Günəş enerjisi üzrə layihələrin reallaşdırılması üçün münbit şəraitin olduğu yeddi perspektiv ərazi müəyyən edilib. Bundan əlavə, Günəş panellərinin sadəcə quru ərazilərində deyil, eyni zamanda su hövzələri üzərində quraşdırılmasını ehtiva edən pilot layihələr də planlaşdırılır. Hansı ki, su üzərində quraşdırılmış Günəş panellərinin quruda quraşdırılmış Günəş panellərindən faydalılığı bir qədər yüksək olur, çünki su təbii soyutma funksiyasını yerinə yetirir.

Əlavə olaraq bildirməliyik ki, Qarabağ və ətraf rayonlarımız geotermal enerji mənbələri ilə də zəngindir. Belə ki, Kəlbəcər rayonu ərazisində 3093 kubmetr/gün, Şuşada isə 412 kubmetr/gün termal su ehtiyatları mövcuddur ki, bu termal mənbələrdən enerji məqsədi üçün istifadə etmək mümkündür.

Ümumilikdə qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizin alternativ enerji potensialından istifadə edərək bölgədə elektrik enerjisinə olan tələbatın bir hissəsini ödəmək olar və təbii olaraq bu sahəyə xarici investisiyaların cəlbi də labüddür. Belə ki, hələ müharibədən əvvəl Azərbaycan bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdur. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavatta bərabər Günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirmişdir. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Cənab Prezidentimizin də ifadə etdiyi kimi, Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün ilk növbədə investorları gözləyirik.

“Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”, - deyə vurğulayan ölkə rəhbərimizin bu sahənin yaradılması və inkişafı üzrə atdığı addımlar artıq işğaldan azad olunmuş Qarabağ və ətraf ərazilərimizi də əhatə edəcək və respublikamızın daha da abadlaşmasını, dünya standartlarına uyğun və hətta üstündə təkamülünü stimullaşdıracaqdır.

Tofiq MƏMMƏDOV, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS