AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Akademik Validə Əli-zadənin 75 yaşı tamam olur
Feb 01, 2021 | 05:30 / Jubilees
Read 253 times

Bu günlərdə Azərbaycanın tanınmış bioloq alimi, “Şöhrət” ordenli, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadənin anadan olmasının 75, əmək fəaliyyətinin 50 ili tamam olur.

Əli-zadə Validə Mövsüm qızı 31 yanvar 1946-cı ildə Bakı şəhərində dünyaya gəlib. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini bitirib.

1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə edib, 2012-ci ildə professor elmi adını alıb, 2014-cü ildə AMEA-nın müxbir, 2017-ci ildə həqiqi üzvü seçilib.

V.Əli-zadə Azərbaycan EA Botanika İnstitutunda baş laborant (1971-1973), kiçik elmi işçi (1973-1980), böyük (1980-1994) və aparıcı elmi işçi (1994-1995) kimi fəaliyyət göstərib. 1996-2011-ci illərdə Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, 2011-ci ildən həmin müəssisənin direktoru, eyni zamanda Eksperimental botanika şöbəsinin müdiri vəzifəsində çalışır.

V.Əli-zadə tərəfindən ətraf mühitin çirklənməsi şəraitində bitkilərin forma­laş­ması, davamlılığının hüceyrə və molekulyar mexanizmlərinin araşdırılması, biomüxtəlifliyin qorunması və davamlı inkişafı istiqamətlərində əhəmiyyətli nəticə­lər əldə edilib. O, “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələk­lərinin Qırmızı Kitabı”nın II nəşrinin məsul redaktoru olub (2013). Alim, həmçinin “Qafqazın endem bitkilərinin Qırmızı Siyahısı” sistematik monoqra­fiya (ABŞ, 2014), “Qafqazın etnobo­tanikası” ensiklopediyası (2017), “Böyük Qafqazın bitkiləri” (2018), “Biomüxtəliflik və ekosistem xidmətləri üzrə elm-siyasət platforması” (2020) kimi fundamental əsərlərin həmmüəllifidir. Botanika İnstitutunda ekosistemlərin öyrənilməsi təcrübəsinə populyasiya ontogenezi, etnobotanika, fitososiologiya, biomüxtəlifliyin informatikası kimi yеni yanaşmalar məhz onun tərəfindən daxil edilib. V.Əli-zadə bir sıra mühüm beynəlxalq layihələrin (NATO, STCU, CRDF, CEPF, İCBA, İUCN və s.) Azərbaycan üzrə uzlaşdırıcısı və iştirakçısı olub, nüfuzlu konfrans və simpoziumlarda ölkəmizi dəfələrlə layiqincə təmsil edib, onun milli mövqeyini beynəlxalq səviyyədə müdafiə edib.

Son 10 ildə alim inkişaf etmiş ölkələrin Qafqaz üzrə bioloji müxtəlifliyin mühafizə­sinə yönəldilmiş proqramlarına (BGBM, Volksfagen fondu, Almaniya) və (MSBP, Kew Kral Botanika Bağları, İngiltərə) rəhbərlik edir.

V.Əli-zadə yüksək impakt faktorlu jurnallarda dərc edilmiş 248 elmi əsərin, o cümlədən monoqrafiya, 2 kitab, 6 kitab fəsli, 2 ixtiranın müəllifidir. O, gənclərə hədsiz qayğı ilə yanaşan, onları düzgün istiqamətləndirən bir pedaqoq kimi də diqqətəlayiqdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 6 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb.

V.Əli-zadə 2010-cu ildən Botanika İnstitutunun Elmi şurasının sədri və AMEA-nın Biologiya və Tibb Elmləri Bolməsinin üzvüdür. 1994-cü ildən Botanika İnstitutu nəzdində fəaliyyət göstərən Doktorluq Dissertasiya Müdafiə Şurasının üzvü, 2010-cu ildən sədridir. AR Prezidenti yanında AAK-ın Ekspert Şurasının üzvü (1997-2002) olub. AMEA-nın “Həyat elmləri və biotibb jurnalı”nın redaksiya heyətinin üzvü, Botanika İnstitutunda nəşr olunan “Plant and Fungi Research” (“Bitki və göbələk tədqiqatları”) jurnalının baş redaktorudur. 1996-cı ildən Azərbaycan və Rusiya Botanika və Bitki Fizioloqları cəmiyyətlərinin, 2002-ci ildən Avropa Bitki Fizioloqları Cəmiyyətinin üzvü, 2006-2020-ci illərdə Qırmızı Siyahının Qiymətləndirilməsi üzrə Azərbaycan Milli Mərkəzinin (İUCN SİS DEM) koordinatoru, 2009-cu ildən YUNESKO yanında “Bioetika, elmi biliklərin və texnologiyanın etikası” üzrə Milli Komitənin üzvüdür. Həmçinin alim 2015-2018-ci illərdə Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası elmi-siyasət Platformasının (İPBES) aparıcı eksperti, 2019-cu ildə isə Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) İctimai Birliyinin ilk ümumi yığıncağında ABC-nin prezidenti seçilib, eyni zamanda İtaliya Botanika Cəmiyyəti və Beynəlxalq Botanika Mühafizəsi Cəmiyyəti (BGCİ) ilə əməkdaşlıq müqaviləsi imzalanaraq, ABC beynəlxalq səviyyədə tanıdılıb.

Alimin əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib. O, Beynəlxalq Elm Fondunun mükafatı (1993), AMEA Rəyasət Heyətinin Fəxri fərmanları (2005, 2011, 2016), “Şöhrət” ordeni (2015), Bakı Dövlət Universitetinin 100 illik yubiley medalı (2019) ilə təltif edilib.

Respublikamızda və beynəlxalq elm sferasında tanınmış alimi həyatının 75, əmək fəaliyyətinin 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt, uzun ömür, elmi-təşkilati və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © 2015 Institute of Information Technology of ANAS