AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Laçınım, sən azadsan!
Dec 01, 2020 | 04:00 / Interviews, speeches
Read 261 times

Dəmir əriyərdi, daş mum olardı,

Düşdüyüm bu eşqin qeylü-qalından.

Sinəm durnalara yuva olardı,

Əgər xəbər versə öz Laçınımdan.

Bülbül gülə həsrət misalı kimi,

Mən ayrı düşmüşdüm öz mahalımdan,

Əsgərim olandan düşmən qənimi,

Daha səsim gəlir öz Laçınımdan.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qaldı.

"Qarabağ Azərbaycandır və nida" ifadəsinin müəllifi kimi cənab İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Öz ata-baba ocağımız, doğma torpaqlarımız tarixi sahibinə qayıtdı. Bir qanadı yaralanmış qartala bənzər  xəritəm bu gün öz bütövlüyünə qovuşdu. Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. 

Ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşən Laçın qayıdışın mübarək!

Azərbaycan Respublikasının füsunkar tarixi guşələrindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir. Laçın dedikdə insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Əsrarəngiz gözəl təbiətli yurdumuza ayaq basdıqca insanlığa, təbiətə qarşı əsl düşmənçilik edən erməni vandalizmi və barbarlığının sərhəd tanımadığının bir daha şahidi olduq.

30 ildir ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız olmadı, həm də tarixi-dini abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz oldu. İllərdir Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biri olub.

Azərbaycan hər zaman dünyada sülhün, tolerantlıq və dialoqun, mədəniyyətlər və sivilizasiyalara xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Ancaq buna baxmayaraq işğal altnda olan torpaqlarımızda tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan  acı həqiqətdir.

Qarabağ torpaqlarındakı mövcud olan və bütün dünyada nadir ağac növlərinin bitdiyi meşələri məhv edib sərvətlərimizi vəhşicəsinə istismar edən erməni terrorunun layiqli cavabını səngərdə Azərbaycan ordusu verdi. İllərlə kimsəsiz qalan, təhqir olunan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytaran və yenidən qazandıran Milli Ordumuz Qarabağın bir qarış torpağının belə düşməndə qalmasına imkan vermədi. Milli mədəni irsimiz, tariximiz özümüzə qaytdı. Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız  cənab Ali Baş Komandanın, sərkərdələrin sərkərdəsi adına qalibiyyət imzasını atan Prezident İlham Əliyevin həm hərb meydanında, həm də müzəffər diplomatik cəbhədəki tarixi şah əsəridir.

İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır! Prezident İlham Əliyevin rəhbərliyi altında rayon və kəndlərimizə yeni nəfəs gələcək, yenidən abadlaşdırılacaq, mədəni, tarixi abidələrimiz bərpa olunacaq, qaçqın və köçkün insanlarımız öz yurd-yuvalarına dönəcəklər.

Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan cənab Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq.

Bu gün hər bir Azərbaycan vətəndaşı illərlə düşmən tapdağı altında olan torpaqlarımızın çağırışına canı, qanı, ruhu və bütün varlığı ilə irəliləyən, bizə qələbə sevincini yaşadan hər bir azərbaycanlı igid oğullarımızla fəxr edirik! Tarixi zəfərimiz Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  ətrafında sıx birləşib. İlham Əliyev kimi lideri, yüksək vətənpərlik ruhu, yenilməz ordusu olan rəşadətli xalqım bir daha məğlubiyyət yaşamayacaq. Laçında, Qarabağda üçrəngli bayrağımız altında neçə-neçə nəsillər məsud və azad yaşayacaq.

Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Tünzalə ARAZLI, AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © 2015 Institute of Information Technology of ANAS