AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik Urxan Ələkbərovun 80 yaşı tamam olur
Apr 28, 2023 | 11:35 / Yubileylər
Oxunub 97 dəfə

Aprel ayının 28-də biologiya elmləri sahəsində tanınmış alim, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akade­miyasının həqiqi üzvü Urxan Kazım oğlu Ələkbərovun 80 yaşı tamam olur.

Urxan Ələkbərov 1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini, 1968-ci ildə SSRİ EA Ümumi Genetika İnstitutunun aspiranturasını bitirmişdir. 1968-ci ildə elmlər namizədi, 1978-ci ildə elmlər doktoru elmi dərəcəsini, 1984-cü ildə professor elmi adını almışdır. 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

Urxan Ələkbərov 1968-1988-ci illərdə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda kiçik elmi işçi, elmi katib, qrup rəhbəri, laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, direktor, 1987-1996-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti və Rəyasət Heyətinin üzvü, 1988-2002-ci illərdə AMEA Genetika və Seleksiya İnstitutunun direktoru, 2011-2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri vəzifələrində çalışmışdır. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur.

Urxan Ələkbərov genefondun mühafizəsi mexanizmləri, ətraf mühitin təbii, iqtisadi, sosial və siyasi komponentlərdən ibarət vahid sistem kimi elmi təhlili sahəsində dünyada tanınmış alim və davamlı inklüziv inkişafın idarə edilməsi üzrə ekspertdir. “Yaşıl” təfəkkür (demoqrafiya və istehlak mədəniyyəti) və “yaşıl” iqtisadiyyata əsaslanan ekoloji sivilizasiya konsepsiyasının, biomüxtəlifliyin mühafizəsi, genetik sistemlərin davamlılığının artırılması və bu məqsədlə antimutagen, antikanserogen və heroprotektiv vasitələrin aşkar olunması və istifadəsi sahəsində yeni elmi konsepsiyanın müəllifidir. O, 1985-ci ildən BMT-nin bir çox qurumları, o cümlədən UNESCO, UNİSEF və BMTİP-in ölkədə və bir sıra xarici dövlətlərdə proqramlarının reallaşmasında yaxından iştirak və rəhbərlik etmiş, 2002-ci ildən BMT və BP şirkətinin birgə layihəsi olan fərdi sektorda dünyada ilk insan inkişafı mərkəzinin təşkilatçısı və rəhbəri kimi fəaliyyət göstərmişdir. Alim müxtəlif ölkələrdə fəaliyyət göstərən beynəlxalq komitə və şuraların, elmi jurnallarda redaksiya heyətlərinin sədri və üzvüdür.

Urxan Ələkbərov 400-ə yaxın elmi əsərin, o cümlədən 35 kitabın, orta və ali məktəblər üçün davamlı inklüziv inkişafın idarə edilməsinə dair dünyada ilk dərsliklərin müəllifidir. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 25 fəlsəfə və 4 elmlər doktoru hazırlanmışdır.

Urxan Ələkbərov Azərbaycan MK Lenin Komsomolu Gənclər İttifaqının mükafatına layiq görülmüş (1974), “Əməkdə fərqlənməyə görə” medalı (1980), Azərbaycan Respublikasının “Şərəf nişanı” (1986), “Şöhrət” (2014), “Şərəf” (2023) ordenləri ilə təltif edilmişdir.

Azərbaycanda biologiya elminin inkişafında mühüm xidmətləri olan alimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015