
Apr 26, 2023 | 06:00 / Konfranslar, iclaslar
Hər bir xalqın tarixini onun müdrik və qəhrəman oğulları yazıb yaratmışdı. Bu mənada Ulu Öndər Heydər Əliyev tariximizin ən dəyərli bir dövrünə əbədi imza atıb. Öz xalqını ürəkdən sevən, bütün ömrünü Azərbaycana həsr edən bu tarixi şəxsiyyət Azərbaycan KP MK-nın birinci katibi seçildikdən, yəni 1969-cu ildən sonra Azərbaycanın həyat ahəngi dəyişib və yenilənmişdir.
Ölkəyə rəhbərliyinin ilk illərində sürətli inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli Lider ölkədə hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.
Elmin bütün sahələrini diqqətlə izləyən Ulu Öndər rəhbərliyi dövründə məhz bir çox elmi müəssisələrin yaranması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində konkret addımlar atmışdı.
Məsələn, mikrobiologiya elmi sahəsində Ümummilli Liderin rəhbərliyinin birinci dövründə verilən qərarları nəzərinizə çatdırmaq istərdim:
1972-ci ilin fevralında Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarına əsasən, mikrobiologiya elminin inkişafı elmi tədqiqatların vacibliyi nəzərə alınaraq Mikrobiologiya sektoru yaradılmışdı.
Bu yaranan sektor 22 il müddətində, yəni 1994-cü ilə kimi bu adla fəaliyyət göstərmişdir.
Azərbaycana rəhbərliyinin ikinci dövründə isə 1993-cü ildə məhz Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən bir il sonra 1994-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Mikrobiologiya sektoruna institut statusu verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən elmin mikrobiologiya və biotexnologiya sahələrinə aid fundamental elmi-tədqiqat işləri aparan dövlət müəssisəsi kimi dövlət qeydiyyatına alınmışdı. Bütün bunlar isə Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində reallaşmışdı.
Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoymuşdur. Ali təhsil ocaqları, elmi-tədqiqat institutları və elm-təhsil sahəsində böyük inkişaf mərhələsi keçmişdir.
Yaxın keçmişdə pandemiya dövründə yaşadığımız çətinliklərə nəzər salsaq görərik ki, mikrobiologiya elminin inkişafı nə qədər vacibdirsə bir o qədər də zamanın tələbidir. Gözlə görünməyən kiçik mikrohissəciklərin verdiyi böyük zərərin hər zaman şahidi olmuşuq.
Bu baxımdan mikrobiologiya elminin maddi-texniki bazasının yaradılmasının, onun inkişafına daim diqqət göstərilməsinin mühüm məsələlərdən olduğunu uzaqgörən Ulu Öndərin rəhbərliyi dövründə zamanında dəyərləndirmiş və inkişaf təməlinin zəmini yaratmışdır.
Belə ki, Heydər Əliyev cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini düşündürən məsələləri uğurla həll etmişdi. Bütün elm sahələrində müasirləşmə istiqamətində konkret addımlar atılaraq qərarlar verilmişdir.
Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafına, eləsə də elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Məhz bu reallıqlara bütun elm sahələrindəki yenilənmə və müasirləşməyə nəzər salsaq görərik ki, Ulu Öndər Heydər Əliyevin rəhbərlik dövrü Azərbaycan elminin inkişafı istiqamətində atılmış mühüm addımlardı. Heydər Əliyevin rəhbərliyi dövrünün illəri Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil olaraq qalacaq.
Bu günümüzə nəzər salsaq görərik ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə bərabər Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində işğal altında qalan torpaqlarımız azad olundu.
Beləliklə, bu gün doğma Qarabağın bərpası fonunda cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha firavan gələcəyə doğru irəliləyir.
Pənah MURADOV, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü