
Dek 28, 2022 | 04:00 / Yeni nəşrlər
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyevin biblioqrafik göstəricisi nəşr olunub.
Göstərici alimin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1965-2021-ci illəri əhatə edən elmi əsərlərini və onun haqqında yazılmış mənbələri əks etdirir.
Biblioqrafiyaya alimin nəşr etdirdiyi kitabları, elmi məqalələri, respublikada və xarici ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, habelə redaktə etdiyi əsərlər, rəhbərlik və ya opponentlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haqqında olan mənbələr daxil edilib. Həmçinin alimin həyatının əsas tarixləri göstərilib, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin alim haqqında yazıları öz əksini tapıb.
Göstəriciyə daxil olan materiallar bölmələr üzrə xronoloji ardıcıllıqla, əlifba sırası ilə verilib.
Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün kitabın sonunda alimin əsərlərinin və müştərək müəlliflərin əlifba göstəricisi verilib.
“Elm” nəşriyyatında çap olunan göstəricinin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi Nərgiz Novruzova və Elnur Həsənzadədir.
Biblioqrafik göstərici kənd təsərrüfatı, subtropik bitkiçilik sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.