AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Dek 12, 2022 | 05:55 / Konfranslar, iclaslar
Oxunub 110 dəfə

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bildirib ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderlərə rast gəlmək olar. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik, tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən - məhz Onun birinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi.

1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan sabitlik məkanına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Dövlətimiz üçün ən çətin anlarda Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirib, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilib. Müstəqilliyi təhlükə altında olan ölkənin yeganə çıxış yolunun iqtisadiyyatı dirçəltmək olduğunu yaxşı bilən Heydər Əliyev müxtəlif xarici təzyiqlərə baxmayaraq böyük qətiyyət və əzmkarlıq göstərib hamıya əfsanə kimi görünən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz onun qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsində reallaşıb.

Bu gün Ulu Öndərin varisi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirir, Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bu günümüz üçün möhkəm təməl yaratdığını əsaslı şəkildə diqqətə çatdırır. 44 günlük Vətən müharibəsinin başlanması və tarixi zəfərlə yekunlaşması hər şeydən əvvəl Azərbaycan Respublikasının siyasi rəhbərliyinin və Azərbaycan xalqının tükənməz vətən sevgisi və sıx birliyi ilə əlaqədardır.

Daha sonra institutun əməkdaşları YAP Səbail Sünbül Ərazi Gənclər Təşkilatının sədri Natiq Məmmədov, biologiya elmləri doktorları Səftər Süleymanov, Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayev, Gənclər üçün Prezident təqaüdçüləri Səmra Mirzəyeva, Lalə Axundova, qazi anası Nəsibə Abdullayeva, mühasib Raisa İsmayılova və başqaları qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin elm adamlarına, gənclərə, digər millətlərdən olan insanlara göstərdiyi diqqət və qayğıdan söz açaraq onun hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini qeyd ediblər.

Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunan sənədli film nümayiş olunub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015