AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Şərəfli ömrün səhifələri
Noy 15, 2022 | 11:00 / Mühüm hadisələr
Oxunub 86 dəfə

Görkəmli alim, Azərbaycanın elm, təhsil və səhiyyə sahələrinin nüfuzlu nümayəndələrindən biri, Azərbaycanın və Dağıstanın Əməkdar elm xadimi, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının xarici üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, "Şərəf" və "Şöhrət" ordenlərinə layiq görülmüş, SSRİ Dövlət mükafatı, SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatı, Polşa TEA-nın Albert Şvayster mükafatı laureatı,  onkologiya üzrə dünyanın bir çox assosiasiyalarının üzvü Əhliman Tapdıq oğlu Əmiraslanovun 75 yaşı tamam olur.

Əhliman Əmiraslanov Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə və təhsil təşkilatçısıdır. 50 ilə çatan elmi-pedaqoji və həkimlik fəaliyyəti zamanı Ə.Əmiraslanov minlərlə xəstəyə şəfa verib, onkologiyanın fundamental problemlərinə dair neçə-neçə sanballı əsər yazıb, Azərbaycan səhiyyəsinin şöhrətini onun hüdudlarından çox-çox uzaqlara yayıb və bu fəaliyyətini hazırda ona məxsus fədakarlıqla davam etdirir.

1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində doğulan Əhliman Əmiraslanov 1965-ci ildə kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Bakıya gəlir və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur. 1969-cu ildə hələ beşinci kurs tələbəsi ikən Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayır, 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirir. 1971-1974-cü illərdə Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.

Həmin illərdə mənim də elmi rəhbərim olmuş Azərbaycanın görkəmli onkoloq-alimi, tibb elmləri doktoru, professor Arif Abbasov Ə.Əmiraslanovun da yetkin bir tibb mütəxəssisi kimi formalaşmasında böyük rol oynayır. Məhz buna görə biz Azərbaycanın görkəmli alimi - dünyadan vaxtsız köçmüş əvəzsiz müəllimimiz, ustadımız olmuş professor Arif Abbasovu həmişə dərin ehtiramla yad edir, xatirəsini əziz tuturuq.

1973-1978-ci illərdə mən SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində (ÜOEM) çalışaraq doktorluq dissertasiyam üçün elmi, nəzəri və praktik materiallar toplayırdım. Əhliman müəllim 1974-cü ildə Moskvada çalışdığım Ümumittifaq Onkoloji Elmi Mərkəzin aspiranturasına qəbul olundu, 1977-ci ildə isə akademik N.N.Trapeznikovun rəhbərliyi altında "Bədxassəli şişlərə görə aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl, yəni aspiranturanı bitirməzdən öncə yerinə yetirdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü. Sonra burada kiçik elmi işçi vəzifəsində çalışmağa başladı.

Hər bir insanın öz həmkarını, məsləkdaşını, dostunu yaxşı tanıması üçün onunla eyni şəraitdə yaşaması, çətinliklərlə üzləşməsi, onlara qarşı birgə mübarizə aparması əsas və vacib şərtlərdəndir. Biz beş il ərzində Əhliman Əmiraslanovla Moskvada eyni yataqxanada qaldıq, uzun zaman çətinliklərə qatlaşmalı olduq. O zamanlar ikimiz də təzə ailə qurmuşduq və yaşayış şəraiti çox çətin idi. Amma bu illər ərzində mən Əhliman müəllimdən bir dəfə də olsun şikayət, giley-güzar eşitmədim. Həmişə mülayim, gülərüz, təmkinli və səmimi idi, qayğılarını dilə gətirməzdi, problemləri yoluna qoymağa çalışardı.

Ə.Əmiraslanov 1977-ci ildən fəaliyyət göstərdiyi SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin Ümumi onkologiya şöbəsində sonralar baş elmi işçi, böyük elmi işçi və professor vəzifələrinə seçildi və uğurlu fəaliyyəti ilə hamının rəğbətini qazandı: istər elm ictimaiyyətinin, istər Elmi Mərkəzin əməkdaşlarının, tələbələrinin, istərsə də xəstələrinin... Bu dövrlərdə o, bir çox mürəkkəb və çətin sayılan cərrahiyyə əməliyyatlarını həyata keçirirdi, SSRİ miqyasında ilk dəfə olaraq "Rotasion plastika", eləcə də osteogen sarkomaya düçar olmuş xəstələrin mürəkkəb cərrahiyyə əməliyyatlarını böyük məharətlə yerinə yetirirdi. Ona görə də o, hələ Moskvada çalışarkən təkcə bacarıqlı alim kimi yox, eyni zamanda peşəkar cərrah-onkoloq kimi də tanınırdı.

Əhliman Əmiraslanov 1984-cü ildə "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və tibb elmləri doktoru elmi dərəcəsinə, daha sonra isə professor elmi adına layiq görüldü.

Akademik N.N.Trapeznikov onun haqqında yazırdı: "Əhliman Əmiraslanov Moskvada işləyərkən onun mövzu ətrafında əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ-də ilk dəfə əldə edilən son dərəcə dəyərli yeni elmi nəticələr idi və həmin nəticələr xarici ölkə alimlərinin bu sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayırdı".

Alimin elmi fəaliyyətinin əsas istiqamətini dayaq-hərəkət aparatı orqanlarının bədxassəli şişlərinin diaqnostikası, kompleks müalicə üsullarının işlənib-hazırlanması, həmçinin yumşaq toxumaların, bir sıra daxili orqanların bədxassəli şişlərinin tədqiqi, onların kompleks müalicə və profilaktika üsullarının işlənib-hazırlanması, bu üsulların səhiyyə praktikasına tətbiqi təşkil edir.

Azərbaycanın görkəmli alimi Əhliman Əmiraslanov XX əsrin 70-80-ci illərində "Dayaq-hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi" üzrə keçmiş SSRİ-nin Ümumittifaq Məktəbinə rəhbərlik edib və beynəlxalq aləmdə tanınan alimlərdən biri kimi şöhrət qazanıb. Şöhrətli alim dəfələrlə ABŞ-nin Hyuston Tibb Mərkəzindəki M.D.Anderson Onkologiya Klinikasında və digər ölkələrdə bu sahə üzrə elmi mühazirələr oxuyub, dinləyicilərin hörmət və rəğbətini qazanıb.

1978-ci ildə mən Azərbaycana dönməyə qərar verdim, Əhliman müəllim isə Moskvada qaldı. Buna baxmayaraq əlaqələrimiz bir gün də olsun kəsilmədi, tez-tez zəngləşir, hal-əhval tutur, fikir mübadiləsi aparırdıq. 1986-cı ildə o, onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib-hazırlanmasında və onların kliniki təcrübədə tətbiqi sahəsində silsilə işlərinə görə bir qrup alimlə birlikdə SSRİ Dövlət mükafatına, ondan bir qədər əvvəl isə Rusiya Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına medalına layiq görüləndə ən çox sevinənlərdən biri də mən oldum.

Sonralar Azərbaycan hamımız kimi, Əhliman Əmiraslanovu da özünə çəkdi və o, ötən əsrin 90-cı illərinin əvvəllərində Vətənə qayıtdı, təhsil aldığı Azərbaycan Tibb Universitetinə (ATU) uzun müddət rəhbərlik etdi. Onun rektorluğu dövründə universitet tanınmaz dərəcədə dəyişdi, inkişaf etdi, maddi-texniki bazası genişləndi. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində ATU-nun 11 mərtəbəli 5 nömrəli tədris binasının tikintisi başa çatdırıldı və binanın açılışı oldu. Açılışda Ulu Öndər iştirak edərək tarixi çıxış etdi və o, proqram sənədinə çevrilən bu çıxışında Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin gələcək yollarına işıq saçan müddəalar irəli sürdü, Əhliman müəllimin, ATU-nun bütün əməkdaşlarının fəaliyyətini yüksək dəyərləndirdi. 2000-ci ildə dahi Heydər Əliyev yenidən Azərbaycan Tibb Universitetinə gəldi və ATU-nun yaradılmasının 70 illik yubileyində iştirak etdi. Ulu Öndərin sərəncamı ilə yubiley ərəfəsində ATU-nun 70 nəfər əməkdaşı təltiflərlə, yüksək fəxri adlarla mükafatlandırıldı. Onların sırasında Əhliman müəllim də Prezidentin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görüldü.

Bütün bunlarla yanaşı, Əhliman Əmiraslanov ATU- nun özünəməxsus klinikalarının olmaması və buna böyük ehtiyacın duyulması haqqında Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Onun bu müraciəti dövlət başçısı tərəfindən nəzərə alındı və qısa müddətdə ATU-nun ilk klinikası olan stomatoloji klinika yaradıldı. Hazırda bu klinika Tədris Stomatoloji Klinika adlandırılaraq öz imkanlarını daha da genişləndirir, stomatologiya sahəsi üzrə ölkəmizin tədris, müayinə-diaqnostika, müalicə-profilaktika və elm mərkəzlərindən birinə çevrilib.

Ulu Öndərin ideyalarını yüksək səviyyədə həyata keçirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2007-ci ildə ATU-nun ikinci klinikası - Onkoloji Klinika təşkil edildi. Akademik Əhliman Əmiraslanovun ATU-da daha iki klinikanın yaradılmasına ehtiyac duyulduğu xahişi ilə Prezident İlham Əliyevə müraciətindən dərhal sonra dövlətimizin başçısı ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarının inşasına başlanılması üçün ardıcıl olaraq iki sərəncam imzaladı. Bunun müqabilində 2010-cu ildə ATU-nun Tədris Terapevtik, 2013-cü ildə isə Tədris Cərrahiyyə klinikaları tikilib istifadəyə verildi. Bu klinikaların təməlqoyma mərasimində, eləcə də onların istifadəyə verilməsinin təntənəli açılışında Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etdilər. Bununla da Əhliman Əmiraslanovun müraciəti ilə ATU-ya göstərilən dövlət qayğısı nəticəsində Azərbaycan Tibb Universitetinin maddi-texniki bazası müasir dövrün tələbləri səviyyəsində yaxşılaşdırıldı.

Tam əminliklə bildirək ki, Ə.Əmiraslanov 24 ilə yaxın müddətdə ATU-nun rektoru vəzifəsində çalışaraq ölkədə tibb təhsilinin, tibb elminin inkişafında mühüm mərhələnin yaradılmasının fəal iştirakçılarından biri olub, bu yolda mühüm xidmətlər göstərib. Alim elmi-pedaqoji fəaliyyətini hazırda ATU-nun Onkologiya kafedrasının müdiri vəzifəsində uğurla davam etdirir.

Görkəmli alim bu illər ərzində mükəmməl elmi əsərləri, praktik və ictimai-siyasi fəaliyyəti ilə geniş şöhrət qazandı. Akademik Əhliman Əmiraslanovun elmi-pedaqoji məktəbinin yetirmələri nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkəsinin müxtəlif klinikalarında çalışaraq, onun yolunu uğurla davam etdirirlər. Ə.Əmiraslanovun rəhbərliyi altında 55 nəfər dissertasiya işi yerinə yetirib və onlardan 43 nəfəri tibb üzrə fəlsəfə doktoru, 12 nəfəri isə tibb üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

Böyük alim Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan onkoloqlar cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının, Amerika Klinik Onkoloqlar Cəmiyyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının xarici üzvüdür.

Ə.Əmiraslanov 470-dən çox elmi əsərin müəllifidir. Əsərlərinin əksəriyyəti dünyanın bir çox ölkəsinin nüfuzlu jurnal, toplu və məcmuələrində nəşr olunub, alimin elmi əsərlərinə çoxsaylı istinadlar edilib. Türkiyə mətbuatında Ə.Əmiraslanovun ingilis dilində çap olunan əsəri dünyanın geniş oxucu kütləsi tərəfindən mütaliə edilib və müəllifinə nüfuz qazandırıb. Ə.Əmiraslanovun çap edilmiş əsərlərindən 12-si monoqrafiya, 9-u ixtira və səmərələşdirici təklif, 26-sı dərslik, dərs vəsaiti və metodiki ədəbiyyatdır. Yüksək yaradıcılıq səriştəsinə malik olan alim həmçinin onlarca elmi-kütləvi məqalənin, görkəmli tibb alimlərinin həyat və yaradıcılığından bəhs edən kitabların müəllifidir. Onun "Onkologiya" adlı ilk orijinal dərsliyi, "Uşaq onkologiyası" adlı kitabı və bu qəbildən olan digər nəşrləri azərbaycanlı tələbələr üçün əvəzsiz vəsaitdir və onlar həkimlərin, rezidentlərin stolüstü kitabına çevrilib.

Əhliman Əmiraslanov ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. O, 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2015-ci ildə yenidən millət vəkili seçilən akademik Ə.Əmiraslanov hazırda Milli Məclisin Səhiyyə komitəsinin sədridir. Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi olub. Alim eyni zamanda Türkdilli ölkələrin Parlament Assambleyasının Ekologiya və Təbii Sərvətlər Komissiyasının sədri, UNESCO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsi Rəyasət Heyətinin üzvü və həmin qurumun ekspertidir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, "Azərbaycan Respublikası Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvüdür.

Akademik Ə.T.Əmiraslanov dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Kanada, Yunanıstan, Almaniya, Macarıstan, Avstriya, Çexiya, İran, Rusiya Federasiyası, Pakistan, Polşa, İsrail və başqa xarici ölkələrdə  keçirilən  qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirərək səhiyyə praktikasına tətbiq etmişdir.

Akademik Ə.Əmiraslanov "Yusif Məmmədəliyev adına mükafat"a, "Akademik M.Topçubaşov Məruzələri" mükafatına və fəxri diplomuna, Polşa TEA-nın "Albert Şvaytzer mükafatı" və "Böyük Qızıl medalı"na, Rusiya Tibb Elmləri Akademiyasının "Akademik N.N.Bloxin adına Qızıl medalı"na, Rusiyanın "XXI yüzilliyin liderləri" proqramı çərçivəsində "Millətin intellekti" adlı Beynəlxalq təltifə və digər mükafatlara, fəxri adlara layiq görülüb.

75 yaş insan ömrünün ən müdrik çağıdır. Bu müdriklik dönəmində akademik Əhliman Əmiraslanova uzun ömür, cansağlığı, yeni-yeni elmi nailiyyətlər və Azərbaycanın daha da çiçəklənməsi naminə davamlı uğurlar arzulayırıq!

Cəmil ƏLİYEV, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik

“Azərbaycan” qəzeti

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015