AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik Əhliman Əmiraslanovun 75 yaşı tamam olur
Noy 16, 2022 | 10:45 / Yubileylər
Oxunub 51 dəfə

Noyabrın 17-də tibb sahəsində görkəmli alim, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əhliman Tapdıq oğlu Əmiraslanovun 75 yaşı tamam olur.

Əhliman Əmiraslanov 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Onkoloji Elmi Mərkəzində (ÜOEM) namizədlik və 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1989-cu ildə professor elmi adına layiq görülmüşdür. 1998-ci ildə Polşa TEA-nın, Rusiya TEA-nın və 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Əhliman Əmiraslanov 1971-1974-cü illərdə Bakı şəhər Kliniki onkologiya xəstəxanasının Cərrahlıq şöbəsinin müdiri, 1977-1992-ci illərdə Moskvada TEA-nın ÜOEM nəzdindəki Ümumi onkologiya şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Respublika rəhbərliyinin dəvəti ilə Bakıya qayıdan Əhliman Əmiraslanov 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru, 1992-ci ildən ATU-nun Onkologiya kafedrasının müdiri, 2007-2019-ci illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır. 2010-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2015-ci ildən Milli Məclisin Səhiyyə Komitəsinin sədridir. 

Akademik Əhliman Əmiraslanovun əsas elmi istiqamətini dayaq-hərəkət aparatı orqanlarının, yumşaq toxumaların və bəzi daxili orqanların bədxassəli şişlərinin diaqnostikası, profilaktikası və kompleks müalicə üsullarının işlənib hazırlanması və səhiyyə praktikasına tətbiqi məsələlərini əhatə edir. O, “Dayaq-hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi” üzrə Ümumittifaq Məktəbinə rəhbərlik etmiş, dəfələrlə ABŞ-ın nüfuzlu tibb mərkəzlərinin dəvəti ilə onkologiya klinikalarında dəyərli elmi mühazirələr oxumuş, cərrahi əməliyyatlarda iştirak etmişdir.

Əhliman Əmiraslanov respublikada və xaricdə çap olunmuş 838 elmi əsərin, o cümlədən 20 monoqrafiya, 35 dərslik və dərs vəsaitinin, 18 ixtira və səmərələşdirici təklifin, 5 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Alimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər, 50 fəlsəfə doktoru yetişdirilmişdir.

Əhliman Əmiraslanov xarici ölkələrdə keçirilən çoxsaylı beynəlxalq elmi forumlarda məruzələrlə çıxış etmişdir. O, Avropa ölkələri Onkoloqlar Assosiasiyası və Cəmiyyətlərinin, Amerika Kliniki Onkoloqlar Cəmiyyətinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990), UNESCO-nun eksperti (2006) və UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədri (2016), Türkiyənin Qazi Universitetinin fəxri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2010) seçilmişdir. Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TürkPA) sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv komissiyasının üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının baş redaktorudur.

Ə.Əmiraslanov SSRİ TEA-nın “Akademik N.N.Petrov” mükafatına (1985), SSRİ Dövlət mükafatına (1986), Əməkdar elm xadimi fəxri adına (1991), Amerika Bioqrafiya İnstitutunun “Zolotaya Statuya” mükafatına (1997), Polşa TEA-nın “Albert Şveytzer” mükafatına və Böyük qızıl medalına (1998), “Şöhrət” (2000) və “Şərəf” (2017) ordenlərinə, “Akademik Yusif Məmmədəliyev” mükafatına, “Akademik M.Topçubaşovun Məruzələri” Fəxri diplomu və qızıl medalına, Rusiya TEA-nın “Akademik N.N.Bloxin” Qızıl medalına (2007), Rusiyanın “XXI yüzilliyin liderləri” Proqramı çərçivəsində “Millətin intellekti” beynəlxalq təltifinə (2009), digər fəxri fərman və medallara layiq görülmüşdür.

Akademik Əhliman Əmiraslanovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015