AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Dendrologiya İnstitutunun əməkdaşı “Güllər parkı”nın ərazisində tədqiqatlar aparıb
İyl 06, 2022 | 02:00 / Mühüm hadisələr
Oxunub 302 dəfə

AMEA-nın Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəlalə Gülməmmədova tərəfindən 2022-ci il üçün tərtib edilən elmi-tədqiqat işlərinin əhatəli planına əsasən, Bakı şəhərinin park-bağlarında dekorativ bitkilərin taksonomik tərkibi və kompozisiyaların tərtibatının öyrənilməsi məqsədilə “Güllər parkı”nın ərazisinə ekspedisiya təşkil edilib.

Ekspedisiya zamanı yerli və müxtəlif ölkələrdən Abşeron şəraitinə introduksiya olunmuş 38 növdən ibarət (Yapon birgözü, Leylandi sərvi, Şərq tuyası, Horizontal sərv, Arizona sərvi, Kanar finiki, Dekorativ zeytun, Avropa zeytunu, Himalay sidri, Dəniz sinerariyası, Şərq çinarı, Suriya qızılgülü və s.) dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi və mənşəyi təyin edilib, bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya mənzərəli (orijinal formalı) üslublarda tərtibatı, dekorativ ağac və kol bitkilərinin budanma formaları, kompozisiyaların ətrafında kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadəsi öyrənilib.

Aparılan elmi-tədqiqat işinin nəticəsində müəyyən edilib ki, tədqiq edilən növlər Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və yaşıllaşdırmada, park və bağların landşaft dizaynında geniş istifadə oluna bilər.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015