AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanda tibb elminin tarixinə həsr olunmuş yeni monoqrafiya işıq üzü görüb
İyn 07, 2022 | 04:45 / Yeni nəşrlər
Oxunub 262 dəfə

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin birgə müəllifliyi ilə “Azərbaycan tibb elminin tarixi” adlı yeni monoqrafiya nəşr olunub.

Kitab Elm Tarixi İnstitutunun Elmi şurasının 4 mart 2022-ci il tarixli iclasının qərarı ilə çap olunub. Nəşrin “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, rəyçisi akademik Nərgiz Axundova, redaktorları isə ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və həmin şöbənin elmi işçisi Solmaz Namazovadır.

Beş fəsildən ibarət kitabda “Azərbaycan tibb tarixinin mənbəşünaslıq və tarixşünaslığının qısa xülasəsi”, “Qədim və erkən orta əsrlər dövrü Azərbaycanda tibbi biliklər”, “VII-XVIII əsrlərdə Azərbaycanda təbabət elmi”, “XIX-XX əsrlərdə Azərbaycanda tibb elmi”, “Müstəqil Azərbaycan Respublikası səhiyyəsinin və tibb elminin tarixi” başlıqlı mövzular yer alıb.

Monoqrafiya Azərbaycanda tibb elminin ən qədim zamanlardan müasir dövrə qədər keçdiyi inkişaf yolunun öyrənilməsinə həsr olunub. Monoqrafiyanın araşdrma obyektini təşkil edən mövzu daha öncə bu qədər geniş və əhatəli tədqiq edilməyib.

Kitab tərtib edilərkən müxtəlif dillərdə qələmə alınmış əlyazma qaynaqlarından, tarixi mənbələrdən, arxiv materiallarından, statistik məlumatlardan və müasir tədqiqatlardan kompleks şəkildə istifadə olunub.

Vəsait tələbələr, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015