AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
May 19, 2022 | 12:00 / Mühüm hadisələr
Oxunub 63 dəfə

Botanika sahəsində tanınmış alim, “Şöhrət” ordenli, AMEA-nın Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Sadıq oğlu Məmmədov mayın 19-da ömrünün 66-cı ilində faciəli şəkildə vəfat etmişdir.

Məmmədov Tofiq Sadıq oğlu 10 fevral 1957-ci ildə Naxçıvan MR-in Ordu­bad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan İnşaat Mühən­disləri İnstitutunun İnşaatçı-mühəndis fakültəsini bitirmiş, 1995-1999-cu illərdə AMEA-nın Botanika İnstitutunun dissertantı olmuşdur.

T.Məmmədov 2000-ci ildə “Botanika” ixtisası üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2014-cü ildə professor elmi adını almışdır.

Azərbaycan SSR EA Botanika İnstitutunun Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini (1986), direktor vəzifələrin­də (1996) çalışmışdır. 2014-cü ildə alimin təşəbbüsü ilə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunmuş və T.Məmmədov direktor vəzifəsinə seçilmişdir. 2021-ci ildən həmin institutun baş direktoru olmuşdur. O, müxtəlif illərdə Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedralarının professoru kimi fəaliyyət göstərmişdir.

T.Məmmədov Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün çox qiymətli tövsiyələr vermişdir.

T.Məmmədov 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti ya­nında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə) kadrların seçilməsi şöbəsinin eks­perti olmuşdur.

T.Məmmədov yerli və xarici mətbuatda dərc edilən 250-yə yaxın əsərin, 11 patent, 30 kitab, AR Səhiyyə Nazirliyinin 2 gigiyenik sertifikatının müəllifidir. “Ekologiya” (2004), “Gülçülük ensiklopediyası” (2006), “Qazon və bəzək memarlığı” (2006), “Ekoloji oyunlar” (2007), “Bitkilərin anatomiyası və mor­fologiyası üzrə izahlı terminlər” (2013), “Bitki ekologiyası” (2013), kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir. “Azərbaycan dendroflorası” (2011-2019) 5-cildliyində Böyük və Kiçik Qafqaz ərazilərində genefondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, təbii еhtiyаt­lаrdаn səmərəli istifаdə еdilməsi və оnlаrın bərpаsı üzrə mühüm nəticələr öz əksini tapmışdır. Bu əsər Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2022-ci il üçün elan etdiyi müsabiqəyə təqdim edilmişdir.

T.Məmmədov 50-dən çox beynəlxalq qurultay və konfransda iştirak etmiş­dir. Onun təşəbbüsü və səyləri ilə AMEA-nın Dendrologiya İnstitutunda Bey­nəlxalq Botanika Bağları konfransları (2006, 2010, 2013, 2015, 2017) keçiril­miş, institut 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə Amerika Botanika Cəmiyyə­tinin üzvü seçilmişdir. İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının nümayəndəsi Tofiq Məmmədov olmuş, 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak etmişdir. 2021 və 2022-ci illərdə onun rəhbərliyi altında Dendrologiya İnstitutunda Böyük tarixi Zəfərə və “Şuşa ili”nə  həsr olunmuş ümumrespublika sərgiləri uğurla keçirilmişdir. Alim Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının III nəşrinin hazırlanmasında yaxından iştirak etmişdir.

T.Məmmədov Bolqarıstanın “Paleobotanika” və “Hortus Botanicus” jurnal­larının redaksiya şurasının, MDB ölkələri üzrə Botanika Bağlarının, Türkiyə İman Universiteti dərgisinin ekspert şurasının, 2014-2015-ci illərdə AMEA Botanika İnstitutunda Dissertasiya müdafiəsi şurasının üzvü olmuş, 2013-2016-cı illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsi akademik-katibinin müavini vəzifə­sində çalışmış, 2016-2019-cu illərdə büro üzvü, 2019-cu ildən ömrünün sonunadək Bölmənin Elmi şurası­nın üzvü olmuşdur.

2005-ci ilin ekologiya sahəsində “İlin adamı” adı, Bakı Şəhər Icra Hakimiy­yətinin Fəxri fərmanı, Qafqaz İctimai Birliyinin “Heydər Əliyev”, Araz Maarif­çilik cəmiyyətinin “Y.H. Məmmədəliyev”, “H. Zərdabi”, “Z. Tağıyev”, “Ş.İ. Xətai” və s. mükafatları, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tofiq Məmmədov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, öz xeyirxahlığı ilə də tanınırdı. O, şəhid və məcburi köçkün ailələrinə, I və II Qarabağ müharibələri zamanı əsgərlərimizə və qazilərimizə, aztəminatlı alimlərə və  tələbələrə hər zaman öz yardım əlini uzatmışdır.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və gözəl insan Tofiq Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin.

 

Arif Həşimov

İsa Həbibbəyli

Dilqəm Tağıyev

İbrahim Quliyev

Nərgiz Paşayeva

Rasim Əliquliyev

Tofiq Nağıyev

İradə Hüseynova

Gövhər Baxşəliyeva

Cəmil Əliyev

Adil Qəribov

Fikrət Əliyev

İsmayıl Hacıyev

Fuad Əliyev

Əhliman Əmiraslanov

Urxan Ələkbərov

Qərib Məmmədov

Tariyel Talıbov

Məmməd Salmanov

Məhərrəm Babayev

Validə Əlizadə

Seyfəddin Əliyev

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015