AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
May 16, 2022 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 66 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının 2022-ci ildə 4-cü iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq müzakirəyə çıxarılan 45 mövzunun botanika, zoologiya, aqrar və fiziki-kimyəvi biologiya üzrə işçi qruplarında geniş müzakirə olunduğunu qeyd edib.

Dissertasiya mövzuları botanika işçi qrupu üzrə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, aqrar işçi qrupu üzrə aqrar elmlər doktoru, professor Mustafa Mustafayev, zoologiya işçi qrupu üzrə biologiya elmləri doktoru Saleh Məhərrəmov və fiziki-kimyəvi biologiya işçi qrupu üzrə biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova tərəfindən təqdim edilib.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Botanika üzrə 6, zoologiya üzrə 1, aqrar üzrə 16 və fiziki-kimyəvi biologiya üzrə 10 iş olmaqla, ümumilikdə 33 iş bəzi mövzuların adında dəyişikliklər edilməklə müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 12 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015