AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Ulu Öndərin hakimiyyətə qayıtdığı 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olmuşdur
May 10, 2022 | 03:05 / Mühüm hadisələr
Oxunub 13 dəfə

XX əsr bəşər tarixində üç böyük ideyanın reallaşdığı, gələn nəsillərə miras qalan ideyalar əsri kimi səciyyələndirirlər. Bunlar suverenlik, demokratiya və siyasi inkişaf modelləri ideyalarıdır. Birmənalı olaraq etiraf olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev ən qısa zaman kəsiyində yüzilliyin ideyaları sayılan bu üç irsi həyata keçirməyə, suveren, demokratik Azərbaycan dövləti yaratmağa və onun özünəməxsus siyasi inkişaf modelini müəyyənləşdirməyə qadir olmuşdur. Ümummilli lider sübut etmişdir ki, heç bir ideya cəmiyyətə kənardan diktə və göstərişlə qəbul etdirilə bilməz. Böyük öndərimiz azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində yaşayır. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri onun fiziki yoxluğundan sonrakı dövrdə daha dərindən və əhatəli dərk olunur.

Ümummilli liderin həyatının müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədiləşdirilməsinə həsr olunmuş son 10 ilinə nəzər salsaq görərik ki, bütün ziddiyyətli prosesləri ilə məhz 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olmuşdur. O zaman cərəyan edən hadisələr dövlətçiliyimizi və insanları ciddi sınaqlarla üz-üzə qoymuşdu. Dövlət müstəqilliyinin ilk aylarından başlayıb şiddətlənən mürəkkəb hadisələr, idarəçilikdə yol verilən nöqsanlar 1993-cü ilin ikinci yarısına doğru siyasi böhran həddinə gəlib çatmışdı. Ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri isə cəbhə xəttində həmlələrini gücləndirmişdi. Torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. Belə bir taleyüklü məqamda növbəti yanlış və daha bir məsuliyyətsiz qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. Soydaşlarımızın minbir mərhumiyyətdən keçib gəlmiş azadlıq arzusu, müstəqillik amalı ilk addımlarındaca puç ola bilərdi. Çeşidli daxili və xarici düşmən qüvvələrin dağıdıcı həmlələri Azərbaycanı bir dövlət kimi məhv etmək üzrə idi.

O zamankı hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasının, dövlət idarəçiliyində boşluğun hökm sürməsinin acınacaqlı nəticəsi idi. Cəmiyyətin mütləq çoxluğu öz düşüncəsi, ağlı ilə xilasolma istiqamətini – qarşıdurmadan milli birliyə, xaosdan sabitliyə, dağıntılardan quruculuğa aparan yolu seçdi. Xalq bu yola keçidin yeganə bələdçisi və təminatçısının Ümummilli lider Heydər Əliyev olduğuna birmənalı qərar verdi. Beləliklə, Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və mədəniyyətini əsaslı surətdə inkişaf etdirmiş qurucu lider, bununla yanaşı, sovet dövlətinin ali rəhbərliyindəki seçilən fəaliyyəti ilə dünya şöhrətli siyasətçi kimi tanınmış, xarizmatik şəxsiyyəti və misilsiz xidmətləri ilə dövlətçilik tariximizdə ilk dəfə Ümummilli lider məqamına yüksəlmiş Heydər Əliyev xilaskarlıq missiyası ilə yenidən respublikanın ali idarəçiliyi sükanı arxasına qayıtdı. Bütün bunlara görə də Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, o, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi.

15 iyundan sonrakı mərhələdə Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Çox keçmədən xalqın mütləq əksəriyyətinin iradəsi ilə müstəqil Azərbaycanın həqiqi lideri etimadı qazanan Prezident Heydər Əliyevin legitim rəhbərliyi, gərgin, çoxyönlü fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatında sürətli sabitləşmə, hərtərəfli dirçəliş, böyük quruculuğun əsaslarının müəyyənləşdirilməsi proseslərinə start verildi. Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın bərpasına və inkişafına yönəldildi. Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi lideri olduğunu hər işdə sübuta yetirən Heydər Əliyev yeni quruculuğun, daxili vəziyyətin stabilləşməsinin zəruri tədbirlərini gerçəkləşdirməyə başladı. 1994-cü ilin mayından cəbhə xəttində atəşkəs barədə razılığın əldə olunması ilə ölkə yeni bir mərhələyə daxil oldu. Əslində, işğalçı Ermənistan cəbhədə daha irəliləyə bilmədiyini, itkilərinin artdığını görüb atəşi dayandırmağa məcbur oldu. Bundan sonra xarici investisiyaların Azərbaycana təhlükəsiz axını üçün əlverişli şərait yaradıldı. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur “Əsrin müqaviləsi” kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi ideyası dünya miqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı.

Dağılmış iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində bərpa etmək, ordu quruculuğu prosesinə keçmək mahiyyət etibarilə gələcək inkişaf üçün etibarlı təməl yaradılması istiqamətində atılan addımlar idi və bütün bunların hamısı cəbhədə atəşkəsin əldə olunmasından sonra reallaşa bildi. Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələrinin görünməsinə və dünyanın qabaqcıl strukturları ilə əlaqələrin qurulmasına start verildi. Bütün bu proseslər sonrakı illərdə davamlı surətdə bir-birini əvəzləyən uğurların təminatçısı və müjdəçisi oldu.

Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev uğurla davam və inkişaf etdirir. Artıq Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında özünün ərazi bütövlüyünü təmin etmişdir və bu gün ölkəmizdə böyük quruculuq işləri həyata keçirilir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və etibarı gündən-günə artır. Vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız qələbələr Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrə üzərində ucalır. Ümummilli lider Heydər Əliyevin ideyaları isə həmişə bu inkişafın önündə gedəcək.

Tofiq MƏMMƏDOV, Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015