AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunda AMEA-nın müxbir üzvü, professor Xəlil Qasımovun 80 illik yubileyi qeyd olunub
Apr 25, 2022 | 04:00 / Mühüm hadisələr
Oxunub 322 dəfə

Botanika İnstitutunda biofizika elminin görkəmli siması, mərhum alim, AMEA-nın müxbir üzvü, professor Xəlil Qasımovun 80 illik yubileyi qeyd olunub.

Tədbirdə Botanika İnstitutunun, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları, həmçinin ailə üzvləri iştirak edib.

İclasda institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq X.Qasımovun həyat və fəaliyyətindən, biofizika elmində xidmətlərindən danışıb. Bildirib ki, alim hüceyrə membranlarında fəaliyyət göstərən transport sistemlərinin biofizikasını və biokimyasını molekulyar səviyyədə tədqiq edən aparıcı alimlərdən biri olub. O, 180 məqalə, 3 monoqrafiya və 7 ixtiranın müəllifi idi. Professorun elmi əsərləri dünyanın aparıcı jurnallarında dərc edilib və beynəlxalq jurnallarda əsərlərinə istinadlar olunub. Xəlil Qasımovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 6 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb. Alim ayrı-ayrı illərdə Botanika İnstitutunun Elmi şurasının, bu institutda fəaliyyət göstərən Dissertasiya müdafiəsi şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin üzvü olub. 2003-cü ildən Rusiya EA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən Membran Şurasının üzvü idi. Alim dəfələrlə AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunub. Xəlil Qasımov 2021-ci ildə vəfat edib.

Tədbirdə Bakı Dövlət Universtetinin professorları f.r.e.d. Niftalı Qocayev, f.r.e.d. Rövşən Əliyev, f.r.e.d. Eldar Məsimov, ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə, Botanika İnstitutunun alimləri b.ü.f.d. Gülnarə Sultanova, b.ü.f.d. Arifə Bağırova, b.ü.f.d. Pərvanə Qaraxani və digərləri alimlə bağlı xatirələrini bölüşüblər.

Alimin qızı  b.e.d. Vəfa Qasımova çıxış edərək atası ilə bağlı xatirələrindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda X.Qasımova həsr olunan videoçarx nümayiş etdirilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015