AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı növbəti toplantı keçirilib
Apr 06, 2022 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 219 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması üzrə AMEA-nın işçi qruplarının növbəti toplantısı keçirilib.

Hibrid formada təşkil edilən və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın sədrliyi ilə həyata keçirilən toplantıda Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Botanika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Şakir Qasımov, həmin institutun şöbə müdirləri - biologiya elmləri doktoru Aydın Əsgərov, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva, Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Elman İskəndər, Zoologiya İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, həmin institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, “Zoom” proqramı üzərindən onlayn formada AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov və institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov, Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və başqaları iştirak ediblər.

Toplantını giriş sözü ilə açan akademik İradə Hüseynova yeni nəşrlə bağlı işlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkib, AMEA rəhbərliyinin bu istiqamətdə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib, ötən dövrdə III nəşrin AMEA üzrə Redaksiya heyəti, işçi qrupları, alim və müəssisələr tərəfindən görülmüş müvafiq işlər, elmi və elmi-təşkilati tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.

Sonra akademik İradə Hüseynova ötən dövrdə botanika üzrə aparılmış tədqiqatların nəticələrini təqdim etmək üçün sözü Aydın Əsgərova verib. Məruzəçi görülmüş işlər, proseslərə cəlb edilmiş mütəxəssislər və planlar haqqında danışıb, “Qırmızı kitab”ın əvvəlki nəşrlərinə düşmüş, yeni nəşrə salınması planlaşdırılan bitki və göbələk növlərinin ümumi razılaşma əsasında hazırlanmış ilkin siyahılarını nümayiş etdirib.

Daha sonra söz Elşad Əhmədova verilib. Natiq zooloqların apardıqları tədqiqatlar və onların nəticələri haqqında ümumi şəkildə məlumat verib, qiymətləndirmələrdə istifadə olunan meyarlardan danışıb.

Məruzələrdən sonra geniş müzakirələr aparılıb, gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirilib, perspektivlərdən və problemlərdən danışılıb, onların həlli ilə bağlı çoxsaylı təkliflər bildirilib. Tariyel Talıbov, Elşad Qurbanov, Tofiq Məmmədov, Vaqif  Novruzov, Pənah Muradov, Səyyarə İbadullayeva, Elman İskəndər, Dilzarə Ağayeva, Ələddin Eyvazov və b. iştirakçılar çıxış edərək məsələlərə öz münasibətlərini bildiriblər.

Aparılmış müzakirələrə yekun vuran akademik İradə Hüseynova tədbirin və bundan sonra atılacaq addımların əhəmiyyətini vurğulayıb. O, beynəlxalq, regional və milli qiymətləndirmə meyarlarının yekun variantının hazırlanaraq kitabça şəklində dərc olunması, işçi qruplarının işinin optimallaşdırılması üçün müxtəlif bitki qrupları üzrə ayrıca toplantıların keçirilməsi, Naxçıvan və Gəncədə də səyyar iclasların təşkili, Azərbaycan florasının çoxcildliyinin yenidən işlənməsi və s. bu kimi ümumi razılıqla qarşılanmış təkliflərlə çıxış edib. Akademik İradə Hüseynova AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə məsləhətləşmələrin davam etdiriləcəyini diqqətə çatdırıb, mövcud planların icrasının intensivləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.

Sonda “Qırmızı kitab”ın III nəşrinin Redaksiya heyətinin və müvafiq işçi qruplarının toplantılarının bütün maraqlı tərəflərin iştirakı ilə mütəmadi qaydada hibrid formatda keçirilməsi qərara alınıb.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015