AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İranlı alimlərin elmi seminarı keçirilib
Mart 18, 2022 | 02:45 / Konfranslar, iclaslar
Oxunub 274 dəfə

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə İran İslam Respublikasının tanınmış alimləri, Təbriz Tibb Elmləri Universitetinin professorları Südabə Davaran və Əziz İftixarinin elmi seminarı keçirilib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük akt zalında baş tutan seminarda Bölmənin elmi müəssisələrinin rəhbərləri, alim və mütəxəssisləri, Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetinin alim və professor heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçılara İranlı qonaqlar haqqında məlumat verib. O bildirib ki, professor Südabə Davaran Təbriz Tibb Elmləri Universitetinin Əczaçılıq biomaterialları üzrə professoru, universitetin Səhiyyə İnnovasiyaları Mərkəzinin direktorudur. Qonaq üzvi və polimer kimyası, biomateriallar, üzvi birləşmələrin sintezi, nanomaterial, nanotəbabət üzrə nüfuzlu alim və müəllimdir. O, həmçinin İran Nanotibb Cəmiyyətinin Şərqi Azərbaycan bölməsinin direktorudur. Təkcə ölkəsində deyil, xaricdə də yaxşı tanınan Südabə Davaran İstanbul Yedditəpə Universitetinin və başqa tanınmış universitetlərin dəvətli professoru, UNESCO-nun və digər beynəlxalq, regional və milli təşkilatların mükafatçısı və məsləhətçisidir.

Əziz İftixari Təbriz Tibb Elmləri Universitetinin Farmakologiya və Toksikologiya üzrə professorudur. O, həmçinin həmin universitetdə Səhiyyə İnnovasiyaları Mərkəzində menecer, məsləhətçi və beynəlxalq ofis koordinatoru vəzifələrində çalışır. Əziz İftixari də dünyanın bir sıra tanınmış universitet və elm mərkəzlərində, o cümlədən Türkiyənin İzmir Texnologiya İnstitutunda, İstanbul Yedditəpə Universitetində, Ukraynanın Drohobiç Dövlət Pedaqoji Universitetində, Slovakiya Elmlər Akademiyasında dəvətli professor kimi fəaliyyət göstərir. O, Ukrayna-Azərbaycan Beynəlxalq Nanobiotexnologiya və Funksional Nanosistem Tədqiqat və Təhsil Mərkəzinin elmi koordinatoru, bir neçə beynəlxalq layihənin rəhbəri, nüfuzlu elmi konfransların təşkilatçısıdır.

Sonra professor Südabə Davaran “Nanotibbin insan sağlamlığında innovativ rolu” və professor Əziz İftixari “Nanobiosensorlar və in vitro toksikoloji metodlar” mövzusunda elmi məruzələrlə çıxış ediblər. Çıxışlar ətrafında geniş müzakirələr aparılıb, məruzəçilər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Seminarda, həmçinin Azərbaycan və İran alimləri arasında elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi, beynəlxalq layihələrdə birgə iştirak, tədqiqat nəticələrinin ümumi səylərlə tətbiqi və digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015