AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Elmar Qasımovun 60 yaşı tamam olur
Fev 10, 2022 | 12:00 / Yubileylər
Oxunub 466 dəfə

Fevral ayının 10-da oftalmologiya elmi sahəsində tanınmış alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun 60 yaşı tamam olur.

Elmar Mustafa oğlu Qasımov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmiş, 1998-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2010-cu ildə professor elmi adını almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim əmək fəaliyyətinə 1987-ci ildə Cəlilabad Mərkəzi rayon xəstəxanasında həkim-oftalmoloq kimi başlamış, 1990-2005-ci illərdə akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən akademik Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri, 2005-cı ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktorudur. 

E.Qasımovun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif göz xəstəlikləri, onların patogenezi, kliniki xüsusiyyətləri, optimal və effektiv müalicə üsulları təşkil edir. Alim tərəfindən respublikada ilk dəfə olaraq qlaukoma nəticəsində baş verən əlilliyin profilaktikası, korluğun qarşısının alınması və qlaukomalı xəstələrin tibbi-sosial reabilitasiyası üzrə metodik tövsiyələr, qlaukomanın müasir cərrahi müalicə üsulları, vitreal damar komplekslərinin və vaskulyarizasiya olunmuş şvartların müalicəsində mis buxar əsaslı lazerinin xüsusi şüalanma üsulu ilə klinik effektiv qeyri-invaziv müalicə üsulu hazırlanmışdır.

Elmar Qasımov 354 elmi əsərin (114-ü xaricdə), o cümlədən 7 monoqrafiya, 10 müəlliflik şəhadətnaməsi və 4 patentin müəllifidir. Alim dünyanın bir sıra ölkələrində beynəlxalq konfrans, qurultay və simpoziumlarda elmi məruzələrlə çıxışlar etmişdir.

Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 21 fəlsəfə və 4 elmlər doktoru hazırlanmışdır.

Alim Türkdilli Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin, Rusiya Qlaukoma Cəmiyyətinin Elmi Şurası Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, “Azərbaycan Oftalmologiya Jurnalı”nın baş redaktoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədridir.

O, 1991-ci ildə Rusiya Qlaukoma Cəmiyyətinin “Akademik A.P.Nesterov” fəxri gümüş medalı ilə təltif edilmiş, 2015-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2022-ci ildə isə AMEA-nın Fəxri fərmani ilə mükafatlandırılmışdır.

Azərbaycanda oftalmologiya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alimi yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015