
Fev 03, 2022 | 06:40 / Mühüm hadisələr
Mərkəzi Nəbatat Bağında aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Artıq bir neçə aydır ki, bağın landşaft-dizayn baxımından müasirləşdirilməsi işləri həyata keçirilir. Uzun illər AMEA-nın nəzdində fəaliyyət göstərmiş bağda son zamanlar 450-dən çox kolleksiya yaradılıb. Burada nəsli kəsilməkdə olan bir çox ağacın sayının çoxaldılması istiqamətində əhəmiyyətli işlər həyata keçirilir.
Bu barədə Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev müəssisədə aparılan abadlıq-quruculuq işlərinə dair açıqlamasında məlumat verib.
Baş direktorun sözlərinə görə, bağda həyata keçirilən abadlıq-quruculuq işləri müəssisənin fəaliyyətinin təkmilləşdirilməsinə, buradakı kolleksiyaların qorunub saxlanılmasına xidmət edir.
Mərkəzi Nəbatət Bağında görülən işlərin ardıcıl xarakter daşıdığına diqqət çəkən N.Allahverdiyev bağda yeni kolleksiyaların yaradılması işlərinin sürətlə həyata keçirildiyini vurğulayıb.
O, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətə hər zaman dəstək göstərən AMEA rəhbərliyinin Akademiyanın bütün müəssisələrinin inkişafına nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirdiyini bildirib.
“Akademik Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsindən sonra AMEA-da elm sahəsində genişmiqyaslı islahatlara başlanıldı, inzibati idarəetmə ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirildi və elmin iqtisadiyyata tətbiqi istiqamətində işlər görülməyə başlanıldı”, - deyə Nəbatat Bağının baş direktoru qeyd edib. Bildirib ki, akademik Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağı ilə yaxından tanış olduqdan, əvvəlki rəhbərliyin nöqsanlarının aşkar edilməsindən sonra burada həyata keçirilən işləri daim diqqət mərkəzində saxlayıb.
Bağa rəhbərlik etməyə başladığı gündən etibarən burada nəzərəçarpacaq irəliləyişlərin əldə olunduğunu vurğulayan N.Allahverdiyev 41 hektarlıq ərazisinin 3 hektarlıq hissəsində abadlıq-quruculuq işlərinə başlanıldığını, kol-kos və qurumuş ağaclardan təmizlənmə işlərinin həyata keçirildiyini, 11 min yeni ağacın əkildiyini diqqətə çatdırıb. Əlavə edib ki, göstərilən düzgün aqrotexniki qulluq nəticəsində artıq yeni əkilmiş həmişəyaşıl cinslərdən olan ağaclarda boy vermə prosesi başlayıb.
N.Allahverdiyev qeyd edib ki, hazırda bağda yaza hazırlıq prosesi çərçivəsində ağacların budanması və torpağın yumşaldılması işləri sürətlə davam etdirilir.
Sonda N.Allahverdiyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə, həmçinin ümumilikdə AMEA-ya qarşı hücumları pisləyərək, görülən işlərə kölgə salmaq cəhdlərini qəbuledilməz adlandırıb.
www.science.gov.az