AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Akademik İradə Hüseynova türkiyəli qonaqlarla görüşüb
Dek 08, 2021 | 03:00 / Görüşlər
Oxunub 388 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə  Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə 18-21 dekabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində “Tibb elmləri və innovasiyalar” mövzusunda 5-ci beynəlxalq konqres keçiriləcək. Konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevdir.

Sözügedən konqresin təşkilati məsələləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın İKSAD-ın direktoru Dr. Mustafa Latif Emek və İKSAD-ın Yayın Evinin direktoru Dr. Səfa Saleh Bildirici ilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində keçirilən görüşündə geniş müzakirələrin əsas mövzularından biri olub.

Görüşdə qonaqları salamlayan akademik İradə Hüseynova qeyd edib ki, 44 günlük müharibədə qazanılmış böyük zəfərin ən vacib təməl daşlarından biri Türkiyə - Azərbaycan qardaşlığı, Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə mənəvi dəstəyi olub. Müharibənin ilk günündən Türkiyə Respublikası Prezidentinin bütün dünyaya mesajları, açıq, birmənalı və sərt açıqlamaları Azərbaycana əlavə güc verib, birliyimizin, qardaşlığımızın əbədiliyinin daha bir təzahürü olub. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərindəki tədbirlərdə, daha sonra Füzuli şəhərində hava limanının açılışında və Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Republikasının Prezidenti İlham Əliyev və Türkiyə Republikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dünyaya verilmiş mesajlar birliyimizin yol xəritəsi hesab edilə bilər.

Akademik İradə Hüseynova qonaqlara, həmçinin rəhbərlik etdiyi Biologiya və Tibb Elmləri Bölməsinin strukturu, elmi uğurları, tanınmış xarici mərkəzlərdə çalışan azərbaycanlı alimlər barədə məlumat verib.

Azərbaycanı Türkiyədən ayırmadıqlarını, Azərbaycanın elm və təhsil müəssisələri ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirən Dr. Mustafa Latif Emek qeyd edib ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir.

Görüşdə akademik İradə Hüseynova və Dr. Mustafa Latif Emek bütün digər sahələrdə olduğu kimi elmi tədqiqatlar və birgə elmi tədbirlərin keçirilməsi üzrə də əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıblar. Tərəflər AMEA ilə İKSAD-ın birgə təşkilatçılığı ilə onlayn formatda 5-6 iyul 2021-ci il tarixlərində keçirilmiş “Tibb elmləri və innovasiyalar” mövzusunda 4-cü Beynəlxalq Konqresin və 8-9 noyabr 2021-ci ildə keçirilmiş “Zəfər Günü və şəhidlərin xatirəsinə” 2-ci beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresinin uğurları barədə fikir mübadiləsi aparıblar.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015