AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Fayızi qızı Həşimovanın 70 yaşı tamam olmuşdur
Dek 06, 2021 | 10:00 / Yubileylər
Oxunub 431 dəfə

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Fayızi qızı Həşimovanın 70 yaşı tamam olmuşdur.

Ulduz Həşimova 5 dekabr 1951-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. O, 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1973-1975-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1975-ci ildə  Azərbaycan SSR EA-nın Tarix İnstitutunda laborant işləmişdir. 1975-1978-ci illərdə SSRİ EA-nın Etnoqrafiya İnstitutunun aspiranturasında təhsil almışdır. 1979-1985-ci illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda kiçik elmi işçi, 1985-1999-cu illərdə Azərbaycan SSR EA-nın Fiziologiya İnstitutunda böyük elmi işçi, 1999-2001-ci illərdə Qərb Universitetində kafedra professoru, 2001-2005-ci illərdə həmin universitetin Magistratura şöbəsinin dekanı, 2006-2013-cü illərdə “Logos” MMC-nin direktoru, 2013-2014-cü illərdə AMEA-nın Rəyasət Heyəti aparatında Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri, 2014-2021-ci illərdə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru vəzifələrində çalışmışdır. 2021-ci ildən Fiziologiya İnstitutunun baş direktorudur.

Ulduz Həşimova 1979-cu ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2019-cu ildə professor elmi adını almışdır.

Ulduz Həşimovanın elmi fəaliyyəti orqanizmin həyat fəaliyyətinin fizioloji və hüceyrəvi-molekulyar mexanizmlərinin öyrənilməsi, herontoloji tədqiqatlar, qocalmanın biologiyası, uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yaşla bağlı və sosial əhəmiyyətli xəstəliklərin molekulyar fərdiləşdirilmiş diaqnostikası məsələlərinə həsr olunmuşdur.

Ulduz Həşimova 170-dən çox elmi əsərin, o cümlədən beynəlxalq bazalarda indeksləşən məqalələrin və 3 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

Ulduz Həşimova Avro-Aralıq Dənizi Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Avropa Herontologiya və Heriatriya Cəmiyyətləri Assosiasiyasının vitse-prezidenti, UNESCO yanında Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin, Asiya Elmlər Akademiyaları və Elm Cəmiyyətləri Assosiasiyasının üzvü,  Azərbaycan Fizioloqlar, Azərbaycan Herontoloqlar cəmiyyətlərinin sədridir.

Ulduz Həşimova 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Professor Ulduz Fayızi qızı Həşimovanı şərəfli yubileyi münasibəti ilə təbrik edir, ona uzun və sağlam ömür, gələcək elmi, elmi-təşkilati və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015