AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik İradə Hüseynova YTP-nin rezidenti “Tak Noosh Group” MMC-nin direktoru ilə görüşüb
Sen 17, 2021 | 11:35 / Görüşlər
Oxunub 594 dəfə

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova 2019-cu ildən Azərbaycanda fəaliyyətə başlamış və 15 aprel 2021-ci il tarixində AMEA-nın Yüksək Texnologiyalar Parkında (YTP) rezident olaraq qeydiyyatdan keçmiş İran İslam Respublikasının “Tak Noosh Group” MMC-nin (TNG) direktoru Ramin Tabibian ilə görüşüb.

Görüşdə YTP-nin icraçı direktoru Zaur Nəhmətov və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri, aqrar sahədə təcrübəli mütəxəssis, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai də iştirak ediblər.

Akademik İradə Hüseynova qonaqları salamlayaraq onları AMEA-da aqrar elm sahəsində görülən işlər, aparılan tədqiqatlar, müvafiq kadr potensialı ilə bağlı məlumatlandırıb. Akademik aqrar sahədə İranın elmi potensialının yüksək olduğuna diqqət çəkərək, TNC ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Ramin Tabibian isə rəhbərlik etdiyi təşkilat barədə məlumat verib. O qeyd edib ki, TNC İran İslam Respublikasında 30 ildir kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərir. Şirkət hazırda YTP-də müasir istehsal avadanlıqlarının quraşdırılması ilə məşğuldur. Eyni zamanda planlara Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və aqrar elmə investisiyalar qoyulması da daxildir. Qonaq müvafiq istiqamətlərdə AMEA-nın elmi dəstəyinə ümid bəslədiklərini bildirib.

Akademik İradə Hüseynova əməkdaşlığın başlanılması və dərinləşdirilməsi üçün “Tak Noosh Group” MMC, onun Azərbaycanda və YTP-də planlaşdırdığı fəaliyyətlərlə bağlı daha təfərrüatlı məlumatlara ehtiyac olduğunu bildirib, AMEA-nın tabeliyində olan torpaq sahələrində birgə sınaqların keçirilməsi imkanlarının mövcudluğuna diqqət çəkib.

Görüşdə ixrac potensialı yüksək olan kənd təsərrüfatı bitkiləri ilə bağlı əməkdaşlıq imkanları da müzakirə edilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015