AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları bitkilərdə xəstəlik törədən virusların monitorinqini aparıblar
İyl 12, 2021 | 05:10 / Mühüm hadisələr
Oxunub 322 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktorları Nərgiz Sultanova və Səmra Mirzəyeva, kiçik elmi işçi Nərgiz Bayramova, I kurs magistrant Aytac Quliyeva Salyan rayonunun Yenikənd, Seyidli və Marışlı kəndlərində elmi ezamiyyətdə olublar.

Həmçinin Səmra Mirzəyeva və Nərgiz Bayramova Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələrində, Göytəpə qəsəbəsində, Masallı, Şamaxı və İsmayıllı rayonlarının kəndlərində ekspedisiyalarda iştirak ediblər. Ekspedisiyaların məqsədi üzüm bitkisində yarpağın burulması xəstəliyini (Grapevine Leafroll Disease) törədən virusları, pomidorda ümumi virusları və digər tərəvəz və bostan bitkilərində Potyvirusları aşkar etmək olub. Pomidor bitkisində yarpaqların ayasının xırdalanması, nekroz və sarı ləkələr, eləcə də virusların transmissiyasında böyük rol oynayan ağqanadlı kəpənəklərlə örtülmüş yarpaqlardan nümunələr toplanılıb. Bostan bitkilərində sarı mozaika, nekroz ləkələr, yarpaqların çürüməsi kimi hallar müşahidə edilib. Viral infeksiyalar zamanı üzüm bitkisinin yarpaqlarında al-əlvan mozaika, yarpaq ayasının kiçilməsi, tənəyin boyunun qısalması kimi hallar müşahidə olunub. Ekspedisiyalar zamanı pomidor, xiyar, yemiş, qarpız kimi tərəvəz və bostan bitkilərinin, həmçinin üzüm bitkisinin virus patogenezi zamanı simptomatik əlamətləri olan yarpaqlarından nümunələr götürülüb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015