
İyn 21, 2021 | 06:00 / Yeni nəşrlər
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları, biologiya elmləri doktorları Ulduz Həşimova, Xədicə İsmayılova, institutun doktorantı Məhəmməd Rza Məcidi və sözügedən müəssisənin elmi işçisi Fərhad Rüstəmovun həmmüəllifliyi ilə PubMed tərəfindən indeksləşdirilmiş “Journal of Clinical and Translational Research” jurnalında (Sinqapur) “Audiogenik stresə qarşı yüksək həssaslığı olan siçovullarda alınan qıcolmalara fluoksetinin təsiri” adlı məqaləsi çap olunub.
Tədqiqat işinin məqsəd antidepresant olan fluoksetinin Vistar siçovullarında qıcolmalara təsirini araşdırmaq olub.
Təcrübədən əvvəl siçovulların yüksək səs altında qıcolmaya həssaslığı öyrənilib, heyvanlar 2 qrupa ayrılıb: qıcolmaya həssas və qıcolmaya davamlı. Daha sonra qıcolmaya həssas olan siçovullar üzərində tədqiqat aparılıb. Belə ki, həmin siçovullara fluoksetin verilmiş və nəticədə antidepresantın kəskin tətbiqi zamanı audiogenik stimula məruz qalan siçovullarda qıcolma tutmaları nəzərə çarpacaq dərəcədə zəifləyib.
Məqalədə monoaminlərin metabolizmasına təsir göstərən farmakoloji maddələrin monoaminergik mexanizmlərin öyrənilməsində böyük praktik əhəmiyyət kəsb etdiyi qeyd olunur.
www.science.gov.az