AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Buğdanın uzaq hibridlərində molekulyar sitogenetik metodların istifadəsinə dair seminar keçirilib
İyn 10, 2021 | 11:40 / Konfranslar, iclaslar
Oxunub 118 dəfə

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) onlayn elmi seminar keçirilib.

Seminarı institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov açaraq bildirib ki, qurumun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun tövsiyəsi ilə qurumda seminarlar bərpa edilib və 2021-ci ilin iyun-iyul ayları üçün 5 seminarın keçirilməsi planlaşdırılır.

Sonra GEİ-nin Molekulyar sitogenetika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva “Buğdanın uzaq hibridlərində molekulyar sitogenetik metodların istifadəsi” mövzusunda məruzə ilə çıxış edib.

Alim çıxışında ABŞ-ın Azərbaycandakı səfirliyinin 2019-2020-ci illər üçün elan etdiyi “Fulbrayt” elmi-tədqiqat proqramının və AMEA-nın post-doktorantura tədqiqat proqramının qalibi kimi 3 ay Kaliforniya Universitetində, 12 ay müddətində isə  Almaniyanın Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunda apardığı elmi araşdırmaların nəticələrini təqdim edib. S.Mehdiyeva Kaliforniya Universitetində (Riversayd) Botanika və bitki elmləri şöbəsində professor Adam Lukaşevskinin rəhbərlik etdiyi laboratoriyada “Buğdanın F1 poligenom hibridlərində meyoz prosesinin molekulyar sitogenetik metodlarla tədqiqi”, Almaniyanın Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunda isə Xromosom strukturu və funksiyası qrupunun professoru Andreas Hubenin rəhbərlik etdiyi laboratoriyada “Tritikale-buğda yuxarı nəsil hibridlərinin molekulyar sitogenetik tədqiqi” mövzularında apardığı elmi işlərdən danışıb. Məruzəçi GEİ-nin Abşeron Elmi-Tədqiqat Bazasında müxtəlif ölkələrin (ABŞ, İspaniya, Meksika) elmi mərkəzlərindən əldə edilmiş buğdanın yadcinsli amfiploidlərinin yerli tritikale forması, o cümlədən də öz aralarındakı hibridləşmələrindən alınan bitki formalarının genom  konstitusiyalarının ND-FİSH/GİSH metodu ilə tədqiqinin nəticələri haqda seminar iştirakçılarına geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015