AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun 80 yaşı tamam olur
May 08, 2021 | 12:00 / Yubileylər
Oxunub 178 dəfə

May ayının 9-da botanika elmi sahəsində tanınmış alim, Mərkəzi Nəbatat Bağının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun 80 yaşı tamam olur.

Maqsud Rüstəm oğlu Qurbanov 1941-ci ildə Naxçıvan MR-in Kəngərli (Şərur) rayonunun Qarabağlar kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini bitirib.

1975-ci ildə biologiya üzrə fəlsəfə, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2010-cu ildə professor elmi adı alıb.

Maqsud Qurbanov elmi fəaliyyətə 1966-cı ildə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda laborant kimi başlayıb, 1971-2000-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb, 1981-2000-ci illərdə Toxumşünaslıq yaradıcı qrupuna rəhbərlik edib. 2000-2002-ci illərdə AMEA Mərkəzi Nəbatat Bağında aparıcı elmi işçi kimi fəaliyyət göstərib. 2002-ci ildən Mərkəzi Nəbatat Bağının baş elmi işçisidir.

Maqsud Qurbanovun elmi fəaliyyəti bitkilərin introduksiyası, ekologiyası, biologiyası və toxumçuluğunun problemləri üzrə tədqiqatları əhatə edir. Onun tərəfindən ilk dəfə olaraq Abşeron yarımadasına introduksiya olunmuş bitkilərin toxum verməsi və toxum keyfiyyətinin yüksəldilməsi üzrə kompleks qiymətləndirilmənin elmi əsasları işlənib hazırlanıb, 52 fəsilə və 124 cinsi təmsil edən 325 növ oduncaqlı introdusentin toxumvermə xüsusiyyətləri təhlil olunub.

M.Qurbanov texnogen çirklənmə şəraitində toksiki sənaye tullantılarının təsirinə cavab reaksiyalarına görə bitkilərin ekoloji qruplarını təsnif edib. Maqsud Qurbanov 180-ə yaxın elmi əsərin, o cümlədən 4 monoqrafiya və 2 kitabın müəllifidir. Alimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 3 elmlər və 8 fəlsəfə doktoru hazırlanıb.

Tanınmış bioloq alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015