AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Fiziologiya İnstitutu ilə Gömrük Komitəsinin hospitalı arasında memorandum imzalanıb
May 08, 2021 | 02:00 / Mühüm hadisələr
Oxunub 166 dəfə

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndə heyəti ilə görüş keçirilib. 

Görüşdə institutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova bütün dünyanı gərgin vəziyyətdə saxlayan COVID-19 pandemiyası ilə mübarizədən danışıb.

Fiziologiya İnstitutunun COVID-19 xəstəliyinə qarşı mübarizədə fəal iştirak etdiyini qeyd edən U.Həşimova ölkə Prezidentinin tapşırıqlarının ciddi şəkildə icra edildiyini, elmi-təşkilati fəaliyyətin tənzimlənməsi istiqamətində müəyyən işlərin görüldüyünü, laboratoriyaların iş planlarında müvafiq dəyişikliklərin edildiyini vurğulayıb: “İnsan orqanizminin hər hansı bir infeksiya, o cümlədən COVID-19 ilə mübarizəsində həlledici rolu immun sistemi oynayır. Pospandemiya dövrü üçün müvafiq elm sahələrinin, o cümlədən immunofiziologiyanın qarşısında mühüm məsələlər durur. İmmun sisteminin populyasiya səviyyəsində öyrənilməsinə xüsusi diqqət verilməlidir". 

Son illərdə institutda fəaliyyətə başlayan İmmunofizologiya və eksperimental transplantologiya laboratoriyasının elmi istiqamətinin orqanizmin immunofizoloji aspektlərinin öyrənilməsi olduğunu bildirən alim qeyd edib ki, immunofiziologiya fiziologiya ilə fundamental və klinik immunologiyanın kəsişməsində formalaşmış nisbətən yeni elm sahəsidir. Bu laboratoriyanın iştirakı ilə Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı arasında elmi əlaqələrin möhkəmləndirilməsi, koronavirus pandemiyası ilə bağlı respublikada epidemioloji vəziyyətin statistik materiallar əsasında təhlili üzrə birgə işlərin aparılması nəzərdə tutulur.

Görüşün sonunda akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015