AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Akademik İradə Hüseynova respublika konfransında Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarına dair çıxış edib
Apr 05, 2021 | 01:00 / Konfranslar, iclaslar
Oxunub 122 dəfə

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn formatda “Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda respublika elmi–praktik konfransı keçirilib.

Konfransa universitetin Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri iqtisad üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Əliyeva moderatorluq edib. O, konfransa 15-dən çox təşkilatdan 100-dən çox məqalə qəbul olunduğunu, bu məqalələrin aktual mövzuya həsr edildiyini bildirib.

Konfransın plenar iclasını giriş sözü ilə açan AzMİU-nun rektoru, Əməkdar memar, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, professor Gülçöhrə Məmmədova işğaldan azad olunmuş Qarabağ regionunun iqtisadi və sosial inkişafı problemləri ilə bağlı belə bir tədbirin keçirilməsinə görə onun təşkilatçılarına təşəkkürünü bildirib.

Rektor çıxışında qeyd edib ki, erməni işğalçıları tərəfindən 30 ilə yaxın bir dövrdə vəhşicəsinə dağıdılmış Qarabağ regionunun bərpasına, onun yenidən qurulmasına ölkəmizin bir sıra idarə, müəssisə və təşkilatları ilə yanaşı, AzMİU-nun alimləri, memarları da yaxından qoşulublar.

Vurğulanıb ki, Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə geniş müzakirə edilib və inkişafın əsas istiqamətləri qeyd olunub. Eyni zamanda, həmin müşavirənin keçirildiyi vaxtdan bu günə qədər xeyli iş görülüb.

Diqqətə çatdırılıb ki, Qarabağın bərpa edilməsi Azərbaycanda iqtisadi inkişafın sürətini daha da artıracaq. Əlbəttə ki, dəymiş ziyanın qiymətləndirilməsi, işğalın vurduğu zərərin fiksasiyası, ərazilərin minalardan təmizlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi qarşıda duran mühüm məsələlərdir. Qarabağ regionunun kənd təsərrüfatı, energetika, dağ-mədən, turizm və digər sahələrdə çox böyük potensialı var.

Konfransın plenar iclasında Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin “Qarabağ regionunun iqtisadi–təbii resursları və onlardan səmərəli istifadə məsələləri”, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın “İşğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi davamlı inkişafın əsasıdır”, AMEA-nın müxbir üzvü Akif Musayevin “İşğaldan azad edilmiş ərazilərin bərpa mərhələləri və xərclərin optimallaşdırılması məsələləri” və digər mövzularda çıxışlar dinlənilib.

Çıxışlarda konfransın proqramının zənginliyi vurğulanıb. Qeyd olunub ki, qısa zaman kəsiyində bu konfransın proqramının formalaşması və onun işinə çox dəyərli mütəxəssislərin cəlb edilməsi Azərbaycanın elm və təhsil sistemində çox maraqlı hadisədir. Bu konfransın materialları Qarabağ regionunun iqtisadi inkişafının əsaslarının elmi bazasının formalaşdırılmasına töhfə ola bilər.

Respublika elmi-praktik konfransı işini “Qarabağ regionunun yaşayış və sosial-mədəni obyektlərinin tikintisi və bərpa problemləri” və “Qarabağ regionunun iqtisadiyyatının ekoloji cəhətdən davamlı inkişaf problemləri” bölmələrində davam etdirib. Bölmələrdə 90-a yaxın məruzə dinlənilib.

Konfransda nazirliklərin, respublikamızın bir sıra təşkilatlarının nümayəndələri, ali məktəblərin, elmi-tədqiqat institutlarının tanınmış alimləri iştirak ediblər.

AzərTac

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015