AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Zoologiya İnstitutu ilə KTN-nin müəssisələri birgə tədqiqatlar aparacaq
Mart 02, 2021 | 11:00 / Görüşlər
Oxunub 250 dəfə

AMEA-nın Zoologiya İnstitutu ilə AR Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzi arasında onlayn formatda görüş keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları ilə Zoologiya İnstitutunun birgə aparacağı tədqiqat işləri, heyvan və bitki xəstəliklərinə dair problemlərin həlli istiqamətində təkliflər müzakirə olunub.

Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Fərman Kərimov, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, eləcə də Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktorları və aparıcı mütəxəssisləri iştirak ediblər.

Tədbirdə Zoologiya İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov çıxış edərək parazitologiya, zoologiya və entomologiya sahəsində KTN-nin müvafiq institutları və eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılması planlaşdırılan tədqiqatlar haqqında məlumat verib. Zoologiya İnstitutu ilə KTN-nin Baytarlıq, Tərəvəzçilik və Heyvandarlıq Elmi-Tədqiqat institutları arasında bağlanan əməkdaşlıq müqavilələri haqqında danışan Ə.Eyvazov “Heyvanların parazit faunasının növ müxtəlifliyinin kompleks tədqiqi, parazitosenozların strukturu, vəhşi heyvanlarla kənd təsərrüfatı heyvanları arasında invaziyanın sirkulyasiya mexanizmlərinin aydınlaşdırılması”, “Kənd təsərrüfatı bitki zərərvericilərinə qarşı bioloji mübarizə məqsədilə səmərəli entomofaqların artırılıb aqrosenozlara buraxılması” və “Arıçılıq təsərrüfatlarında xəstəlik törədicilərinə qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması” mövzuları üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb.

Sonda birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015