AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobiologiya İnstitutu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq genişləndirilir
Fev 25, 2021 | 10:55 / Görüşlər
Oxunub 254 dəfə

AMEA-nın Mikrobiologiya İnstitutu ilə AR Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzi arasında onlayn formatda görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd Azərbaycanda kənd təsərrüfatının inkişafında mikrobiologiya elminin nailiyyətlərindən istifadənin bu günü, gələcək perspektivləri və əməkdaşlıq üçün mümkün sahələrin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub. 

Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Fərman Kərimov, təsərrüfat işləri üzrə direktor müavini Samir Süleymanov, KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, o cümlədən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktorları və aparıcı mütəxəssisləri iştirak ediblər.

Görüşdə Mikrobiologiya İnstitutu tərəfdən direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov, b.e.d. Samirə Nəcəfova, b.e.d. Könül Baxşəliyeva, b.ü.f.d. Anar Hüseynov, b.ü.f.d. İradə Babayeva və b.e.d. Fəridə Qəhrəmanova çıxış edərək müəssisənin hazırda hansı sahələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından imkanlara malik olması barədə məlumat veriblər. Bildirilib ki, Mikrobiologiya İnstitutu hazırda KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə bir sıra sahələrdə praktiki layihələr həyata keçirir və gələcəkdə bu işləri genişləndirmək mümkündür.

Sonda əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda kənd təsərrüfatının inkişafında mikrobiologiya elmindən və Mikrobiologiya İnstitutunun əldə etdiyi nəticələrdən istifadənin zəruriliyi vurğulanıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015