AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Bu gün xalqımızın birliyi bütün dünyada maraqla qarşılanır
Fev 17, 2021 | 05:00 / Mühüm hadisələr
Oxunub 107 dəfə

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti, məntiqi düşüncələri və xalqa arxalanması bizləri qəlbən sevindirir. Xalqını və vətənini ürəkdən sevən, 30 ildir həsrətdə olan on minlərlə insanın ümidini, qürurunu və mətanətini özünə qaytaran cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk. Ölkə başçısının Vətən müharibəsi zamanı müxtəlif dövlətlərin jurnalistlərinin qərəzli suallarına cavab verərkən tarixi dərs keçməsi hələ də müzakirə mövzusudur.

O, möhtəşəm sərkərdə, adı tarixə qızıl hərflərlə yazılan xalq qəhrəmanıdır. Müharibə vaxtı şanlı Azərbaycanın qürurlu başçısı, Prezident İlham Əliyevin bir neçə cəbhədə mübarizə apardığının şahidi olduq. İstər diplomatik - siyasi müstəvidə, istər informasiya cəbhəsində, istərsə də xarici təzyiqlərin qarşısında necə ruh yüksəkliyi ilə çıxışlarını gördük. Onun belə inamla, qətiyyətlə etdiyi çıxışlar hər kəsdə qürur hissi doğururdu.

Bu gün Azərbaycan cəmiyyətində tarixdə heç olmadığı kimi birlik, həmrəylik var. Xalq olaraq hər birimiz, o cümlədən xaricdə yaşayan azərbaycanlılar bir nəfər kimi Prezidentimizə öz dəstəyimizi göstərməliyik. Ölkəmizin belə qürurlu dövründə xalqımızın birliyi bütün dünyada maraqla qarşılanır.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ona qoyub getdiyi şanlı missiyanın layiqli davamçısıdır. Azərbaycan indi çox güclü bir ölkədir. Ürəkləri yurdlarında olan məcburi köçkünlərimiz tezliklə öz torpaqlarına qayıdacaq. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə planlı şəkildə işlər görülür. Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir. Torpaqlarımızın bərpası prosesi artıq başlayıb.

Prezident İlham Əliyevin göstərişi ilə dağılmış bütün kəndlər bərpa ediləcək və dinc sakinlər öz dədə-baba yurdlarına qayıdacaqlar. Artıq Prezidentimizin işğaldan azad olunmuş ərazilərə səfərləri bunun sübutudur. Onun göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır və bu, günün reallığıdır.

Beləliklə, Prezident İlham Əliyevin “Qarabağı cənnətə çevirəcəyik. Bütün göstərişlər verilib. Bütün işlər görülür” sözləri reallaşır.

İlhamə MİRCƏLALLI, Aydan RƏSULOVA, AMEA-nın Dendrologiya İnstitutunun Ekologiya laboratoriyasının elmi işçiləri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015