AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Dendrologiya İnstitutu 2020-ci il üzrə elmi və elmi-təşkilatı hesabatını verib
Dek 17, 2020 | 03:52 / Konfranslar, iclaslar
Oxunub 67 dəfə

17 dekabr 2020-ci il tarixində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və AMEA Dendrologiya İnstitutunun Elmi Şurasının birgə onlay  iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurası üzvləri iştirak etdiblər.

 Onlayn iclasda AMEA Dendrologiya İnstitutunun 2020-ci ildəki elmi və elmi təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı dinlənilib. Məruzəçi İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov cari ildə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar Dendrologiya İnstitutunda yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verib. 2020-ci il üzrə 1 problem, 8 mövzu, 12 iş, 31 mərhələ üzrə aparılan elmi tədqiqat işləri və alınan nəticələr təqdim edilib. Tətbiq olunmuş elmi nəticələr, təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər haqqında məlumat Elmi Şura üzvlərinin diqəətinə çatdırıb.

Məruzəçi qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənmişdir. 2020-ci ildə institutun beynəlxalq əlaqələri xeyli artmış, institut əməkdaşları bir neçə beynəlxalq konfransda iştirak etmişlər. O, tədbirdə institutun nəşriyyat fəaliyyətini qeyd edərək göstərib ki, son ildə yüksək nüfuzlu impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı xeyli artmışdır.

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov İnstitutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığını, elmi tədqiqatlarını müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda apardıqlarını qeyd edib. Dendrologiya İnstitutunun elmi əməkdaşları karantin dövründə Zoom konfrans proqramından istifadə etməklə aparılan elmi tədqiqat işləri haqda məlumatları vaxtaşırı rəhbərliyə təqdim etdiklərini bildiriblər. Doktorant və dissertantlar üçün vaxtaşırı Online elmi seminarlar, iclaslar, diskusiyalar keçirilir, elmi tədqiqatlar və plan-proqrama uyğun mərhələlər üzrə görülən işlər barədə hesabatların verilməsi, elmi işlərinin mövzuları ətrafında fikir mübadiləsi aparıldığı iclas iştirakçılarının nəzərinə çatdırıb.

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov İnstitutda aparılan elmi-tədqiqat işlətinin mühüm nəticəsi olaraq bildirib ki, 2020-ci ildə AMEA-nın Dendrologiya İnstitutu tərəfindən Abşeronun təbii və mədəni florası təhlil edilmiş, 201 fəsilə, 846 cins, 2879 növ və 6 variasiya aşkar edilmişdir. Ərazilərdə yabanı ot bitkilərinin növ tərkibinə görə Asteraceae Dumort, Poaceae (R.Br.) Poaceae Barnhart, Rosaceae Juss, Brassicaceae Burnett, Saxifragaceae Juss, Lamiaceae Lindl, Apiaceae Lindl, və b. üstünlük təşkil edir. Nadir və nəsli kəsilməkdə olan 24 fəsilə, 35 cinsə aid 46 növ oduncaqlı bitki taksonların 43%-ni təşkil edən 29 növün nadir, 16 növün relikt və 2 növün endem olduğu aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikasının dağ-kserofit bitkiliyinin təsnifatı, fitosenoloji xüsusiyyətləri, fitosenozları yaradan dominant bitkilərin növ tərkibində daha çox müşahidə olunan bitkilərin taksasiyası təhlil edilmişdir. Ərazinin əsasən  friqana və qariqa ekosistemləri ilə təmsil olunduğu məlum olmuşdur. Burada 260 növ - 28 növ kol (10,77%), 212 növ çoxillik (81,54%), 20 (7,69%) bir və iki illik növün təşkil etdiyi müəyyənləşdirilmişdir. Azərbaycanın mülayim rütubətli dağ-meşə landşaftlarında fıstıq-vələs-qarağac meşələrinin flora müxtəlifliyi üzrə çiçəkli bitkilər (Magnoliophyta) şöbəsinə aid 18 fəsilə və 25 növ, qatırquyruğukimilər (Equisetophyta) şöbəsinə aid 1 fəsilə, 1 növ, qıjıkimilər (Polypodiophyta) şöbəsinə aid 1 fəsilə, 5 növ, ümumilikdə isə 3 şöbəyə aid 20 fəsilə və 31 növ təyin edilmiş, 3 növ (Viscum album, Adi əqrəbböcək (Panorpa communis), mənənə (Hemiptera; Apidoidea)) ziyanverici kütləvi halda yayılmışdır. Ərazinin GPS koordinatları götürülmüşdür.

Hesabat ətrafında geniş müzakirələr aparılıb, çıxış edənlər institutun fəaliyyəti və əldə olunan nəticələrini qənaətbəxş hesab ediblər.

Sonda institutun illik fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015