AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mərkəzi Nəbatat Bağının əməkdaşları AzTV kanalına müsahibə veriblər
Dek 01, 2020 | 05:00 / Müsahibələr, çıxışlar
Oxunub 285 dəfə

AMEA-nın Mərkəzi Nəbatat Bağının əməkdaşları Azərbaycan Televiziyasına müsahibə veriblər.

Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev müsahibəsində Azərbaycanın düşmən işğalından yenicə azad olunmuş ərazilərində, xüsusilə Qarabağ zonasında meşələrin bərpası, şəhər və yaşayış məskənlərinin yaşıllaşdırılması məsələsinə toxunub. Yaşıllaşdırmada ölkənin iqlim-torpaq şəraitinə uyğunlaşmış ekzotik bitkilərdən istifadə edilə biləcəyini deyən alim bu baxımdan yerli növlərin üstünlük təşkil etməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Biomüxtəliflik və çiçək bitkiləri baxımından zənginliyə malik Kəlbəcər, Laçın, Qubadlı ərazilərində arıçılığın inkişafı məsələsinə toxunan biologiya elmləri doktoru Zülfü Məmmədov isə bildirib ki, sözügedən ərazilərdə arıçılığın inkişafı meyvəçilik sahəsində məhsuldarlığın artmasına öz töhfəsini verəcək.

Biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev taxılçılıq, tərəvəzçilik və bostançılığın inkişafı üçün Qarabağ zonasında geniş potensialın mövcudluğuna toxunaraq qeyd edib ki, burada əsas məsələ zonanın torpaq-iqlim şəraitinə uyğun bitki növlərinin seçilməsidir. Alim yolkənarı ərazilərin yaşıllaşdırılmasında isə bölgənin iqlim şəraitinə xarakterik palıd, fıstıq, çinar, ağcaqayın kimi ağac növlərinə üstünlük verilməsinin vacibliyinə nəzər yetirib.

Biologiya elmləri doktoru Şakir Qasımov isə qeyd edib ki, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli ərazilərinin təbiət abidələrinin və meşələrinin bərpası, vaxtı ilə Şuşada nəzərdə tutulmuş Nəbatat Bağının yaradılması kimi xüsusi proqramlar işlənilərək həyata keçirilməlidir.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015