AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Okt 06, 2020 | 02:56 / Konfranslar, iclaslar
Oxunub 126 dəfə

Oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri - AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyevİradə HüseynovaRasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyətinin üzvü vəzifəsini icra edənlər - akademiklər Cəmil Əliyev və Gövhər Baxşəliyeva iştirak ediblər.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. Akademik Ramiz Mehdiyev qeyd edib ki, Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Sevil Zülfüqarova MEK-in fəaliyyətində bir sıra problemlərin mövcudluğu və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi ilə bağlı məktubla AMEA-nın prezidentinə müraciət edib. Akademik Ramiz Mehdiyev sözügedən müraciətə cavab olaraq AMEA Rəyasət Heyətinin 29 sentyabr tarixli iclasında akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə Yoxlama Komissiyasının yaradıldığını və MEK-də ilkin yoxlamaların aparıldığını diqqətə çatdırıb.

Sonra akademik Gövhər Baxşəliyeva ilkin yoxlamaların nəticələri barədə Rəyasət Heyətinin üzvlərinə məlumat verib. Diqqətə çatdırıb ki, Mərkəzi Elmi Kitabxanada Azərbaycanın tarixinə dair sanballı əsərlər saxlanılır və onlar xalqımızın milli-mənəvi sərvəti olduğundan qorunması zəruridir. Akademik 2014-2019-cu illəri əhatə edən materiallarla tanışlıq zamanı bir sıra nöqsanların aşkarlandığını, ötən illər ərzində kitabların kataloqlaşdırılmasının zəif aparıldığını, bəzi nəşrlərin nəmişlik şəraitində qalaraq sıradan çıxdığını, həmçinin MEK-in kitab balansında çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Dünyanın bir çox aparıcı kitabxanalarında tədqiqatlar apardığını deyən Gövhər Baxşəliyeva həmin yerlərdə peşəkar xidmətlərin göstərildiyini və AMEA MEK-in səviyyəsinin də bu mərhələyə qaldırılmasının zəruriliyini bildirib. Həmçinin qurumun kadr potensialına ciddi diqqət yetirilməsinin, kitabxanaçılıq ixtisaslı peşəkar şəxslərə üstünlük verilməsinin, Mərkəzi Elmi Kitabxanadakı nəşrlərin kataloqunun çap edilməsinin zəruriliyini söyləyib.

Daha sonra AMEA Rəyasət Heyətinin Hüquq və kadrlar idarəsinin rəisi, Yoxlama Komissiyasının koordinatoru, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev, komissiya üzvləri - Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva, Hüquq və kadrlar idarəsinin Hüquqi təminat şöbəsinin müdiri Aygün Arifli və Daxili nəzarət və audit şöbəsinin müdir müavini Mehparə Kəlbəliyeva çıxış edərək aparılan yoxlama barədə məlumat veriblər. Qeyd olunub ki, yoxlamaların əhatə etdiyi dövrdə bir çox kitabların inventarlaşması, həmçinin elektron qaydada maliyyə sənədləşməsi zəif aparılıb. Həmçinin indiki MEK rəhbərliyinin fəaliyyəti ilə bağlı ümumi akt tərtib olunaraq Rəyasət Heyətinə təqdim edilib.

Mövzu ətrafında çıxış edən akademik İsa Həbibbəyli komissiyanın işini sona qədər davam etdirməsinin zəruriliyini vurğulayıb. Akademik, o cümlədən MEK-in və AMEA-nın Kitab şəbəkəsi fondunun balansında olan nəşrlərin sayı barədə məlumatların akademiyanın ötən illərdəki hesabatlarında əksini tapdığını və komissiya üzvlərinin bundan faydalana biləcəyini diqqətə çatdırıb.

Gəncliyinin Azərbaycanın sanballı alimləri ilə birgə kitabxanalarda keçdiyini deyən akademik İradə Hüseynova isə kitab fondunun tariximiz, mədəniyyətimiz üçün qiymətli əsərlər olduğunu və komissiyanın yoxlamalarını davam etdirməsinin vacibliyini bildirib.

Akademik Rasim Əliquliyev isə çıxışında Mərkəzi Elmi Kitabxananın yeni binasının tikintisi zamanı xarici ölkələrin təcrübəsindən istifadə edildiyini, lakin ötən illərdə bir sıra çatışmazlıqların meydana çıxdığını söyləyib. Akademik diqqətə çatdırıb ki, kitabxanaçılıq bu gün informasiya sisteminin, eləcə də informasiya texnologiyalarının tətbiq sahələrindən biridir və MEK yeni yaradılan zaman çoxlu İKT avadanlıqlarının alınmasına, güclü serverlərin quraşdırılmasına baxmayaraq, ötən dövrlər ərzində əhəmiyyətli iş ortaya qoyulmayıb. Akademik Rasim Əliquliyev MEK ilə akademiyanın elmi müəssisə və təşkilatlarının kitabxanaları arasında qarşılıqlı əlaqələrin zəruriliyini vurğulayıb və bunun AMEA-da kitabxanaçılıq işinin təşkilinə müsbət töhfə verəcəyini bildirib. Bundan əlavə, kitabxana işinin təşkili ilə bağlı peşəkar kadrların burada işə cəlb edilməsinin, komissiyanın öz işini sona qədər obyektiv şəkildə davam etdirməsinin önəminə toxunub.

Mövzu ətrafında çıxış edən akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov isə kitabxanada mühafizə xidmətinin təşkili, eləcə də yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə ciddi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Sonra AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək komissiyanın öz işini obyektiv həyata keçirməsi üçün MEK rəhbərliyinin müvafiq şərait yaratması barədə tapşırıq verib, yekun hesabatın nəticəsinə əsasən, müvafiq qərarların qəbul ediləcəyini söyləyib.

Bundan əlavə, iclasda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından müvafiq sahə üzrə təcrübəsi olan şəxslərin komissiyanın tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.

Sonda Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən başlayan təxribatına cavab olaraq ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçılara qarşı bütün cəbhə boyu genişmiqyaslı uğurlu əks-hücum əməliyyatı apardığını diqqətə çatdıran akademik Ramiz Mehdiyev bu əməliyyatların fonunda Azərbaycan alimlərinin ölkəmizin haqq davasında, Vətən mühabirəsində haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, həmçinin gənclər arasında vətənpərvərlik istiqamətində təbliğatın aparılmasında, KİV-də mütəmadi olaraq sanballı elmi çıxışların edilməsində aktiv rol oynamalarının zəruriliyini bildirib, Vətən tarixi elmi istiqamətlərində sanballı tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015