AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın İnventarlaşdırma Komissiyasının növbəti iclası keçirilib
Sen 11, 2020 | 05:00 / Mühüm hadisələr
Oxunub 257 dəfə

AMEA-nın  elmi  müəssisə  və  təşkilatlarının  balansında  olan  torpaq  sahələri, tikililər, çoxillik əkmələr və torpaqların istifadə vəziyyəti, kənd  təsərrüfatı  təyinatlı  texnika və materiallar barədə məlumatların dəqiqləşdirilməsi və təcrübə sahələrinin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə AMEA prezidentinin sərəncamı ilə yaradılmış İnventarlaşdırma Komissiyasının növbəti iclası keçirilib. İclas karantin qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi ilə, eləcə də bəzi komissiya üzvlərinin Zoom platformasından istifadə etməklə onlayn iştirakını təmin etməklə təşkil olunub.

Toplantıya sədrlik edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbiri açaraq ötən iclasdan keçən dövr ərzində AMEA prezidentinin müvafiq sərəncamlarının icrası istiqamətində komissiya tərəfindən görülən işləri yüksək qiymətləndirib, regionlarda monitorinqlərin aparıldığını və müvafiq arayışın hazırlandığını diqqətə çatdırıb.

Sonra Komissiyanın sədri, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov monitorinq və araşdırmaların nəticələri barədə hazırlanmış arayışı təqdim edib, elmi-tədqiqat bazalarının və dayaq məntəqələrinin nəzdində olan torpaq sahələrinin, texniki vasitələrin və tikililərin istifadəsində mövcud olan problemləri əhatəli şərh edərək, onların həlli üzrə təkliflər paketinin hazırlandığını qeyd edib. Natiq təcrübə bazaları və dayaq məntəqələrinin əsasnamələrinin mövcud olmadığına, torpaqların institutların mandatları və elmi istiqamətlərinə uyğun istifadə edilmədiyinə diqqət çəkib.

Sonra Komissiyanın üzvləri, müvafiq institutların məsul şəxsləri müzakirə olunan məsələlərlə bağlı mövcud vəziyyət barədə məlumat veriblər və onlara ünvanlanmış suallara aydınlıq gətiriblər.

Çıxışlara və müzakirələrə yekun vuran akademik İradə Hüseynova inventarlaşdırma komissiyası tərəfindən hazırlanmış arayışın, təcrübə bazaları və dayaq məntəqələrinin inkişaf proqramının AMEA Rəyasət Heyətinin iclasında müzakirə ediləcəyini bildirib. O, komissiyanın arayışında qeyd edilənlərlə yanaşı, yeni təkliflər irəli sürüb, 2-3 pilot sahənin seçilərək, onlarda nümunəvi təsərrüfatların yaradılmasının vacibliyinə diqqət çəkib.

Akademik İradə Hüseynova komissiyanın fəaliyyəti nəticəsində əldə edilən məlumatların və təkliflər paketinin AMEA-da aqrar elm sahəsində fəaliyyətlərin daha yüksək səviyyədə təşkili, elmi nailiyyət və innovasiyaların tətbiqi işinin gücləndirilməsi istiqamətində ciddi qərarların qəbuluna imkan verəcəyinə inamını ifadə edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015