AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Səhiyyə nazirinin müavini R.Əliyev: “Yoluxmaların sayının azalması həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir”
Avg 06, 2020 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 133 dəfə

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Rahim Əliyev avqustun 4-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda çıxış edib.

R.Əliyev COVID-19 pandemiyasının tibbi-sosial problem olmaqla yanaşı, həm də iqtisadi və beynəlxalq əlaqələrə təsir edən qlobal problem kimi xarakterizə edildiyini deyib. O, uzun illər dünyanın ayrı-ayrı ölkələri tərəfindən formalaşdırılmış iqtisadiyyatın qısa bir vaxt ərzində pandemiyanın təsirindən böyük zərərə uğradığını, milyonlarla insanın bu virusa yoluxduğunu, yüz minlərlə insanın bu mübarizədə həyatını itirdiyini qeyd edib.

Azərbaycanda pandemiyanın ilk günlərdən ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirən nazir müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva öz çıxışlarında dəfələrlə bu virusla mübarizəyə dair çağırışlar edib, ölkəmizdə pandemiyanın müxtəlif sahələrə təsirinin qarşısının alınması istiqamətində vacib tədbirlər həyata keçirilib.

Onun sözlərinə görə, son günlərdə yoluxmaların sayının azalması, sağalanların sayında artımın müşahidə olunması, eləcə də xəstəliyin ağır formalarına rast gəlinmə tezliyinin aşağı düşməsi hökumət tərəfindən həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir. Epidemioloji tədqiqatların nəticələri də yoluxma sayının azalmasına təsir edib.

COVID-19 virusunun profilaktikası, müalicəsi, klinik gedişatı ilə bağlı dünyanın nüfuzlu elmi bazalarında dərc olunmuş elmi araşdırmalardan bəhs edən R.Əliyev bu istiqamətdə aparılan tədqiqatların geniş oxucu kütləsinə malik olduğunu vurğulayıb.  

Nazir müavini çıxışının sonunda bu kimi beynəlxalq tədbirlərin keçirilməsinin önəmini qeyd edərək, konfransın alimləri bir araya gətirərək onlara əldə etdikləri elmi nəticələrini bölüşmək üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.

http://science.gov.az/news/open/13953

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015