AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü N.Quliyev: Sanitar-gigiyenik qaydalara riayət etməklə özümüzü və ətrafdakı insanları virusdan qoruya bilərik
İyn 25, 2020 | 11:09 / Müsahibələr, çıxışlar
Oxunub 90 dəfə

Bəşəriyyət çox təhlükəli bəla olan yeni növ koronavirus (COVID-19) pandemiyası ilə üz-üzədir. Bu pandemiyaya heç bir ölkə hazır deyildi. Dünyanın ən inkişaf etmiş dövlətləri böyük itkilərə məruz qaldı. Bu virus haqqında ilk məlumat daxil olandan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkədə mühüm tədbirlər həyata keçirildi. Bunun nəticəsində başqa ölkələrlə müqayisədə bizdə ən az yoluxma müşahidə olunurdu. Təsadüfü deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunə ölkə kimi qeyd etdi.

Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın müxbir üzvü Novruz Quliyev deyib. O bildirib ki, görülən tədbirlər nəticəsində yoluxmanın azalan dinamikasına əsaslanaraq Baş Nazir Əli Əsədovun sərəncamı ilə əvvəllər tətbiq olunan məhdudiyyətlərin bir qismi aradan qaldırıldı. Əslində bu humanist addımdan sonra biz daha diqqətli olmalı idik. Lakin bunun əksi müşahidə olundu. Tövsiyə olunan sanitar gigiyena tədbirlərinə bəzi vətəndaşlar tərəfindən riayət olunmadı. Yoluxma sürətlə artmağa başladı. Buna görə də məcburən karantin tədbirləri iki həftəliyinə sərtləşdirildi. İndi biz seçim qarşısındayıq: ya uzun müddət sərtləşdirilmiş karantin rejimində yaşamalıyıq, ya da tövsiyə olunan bütün tədbirlərə və qoyulan tələblərə əməl etməliyik. Hansının daha əlverişli olmasını izah etməyə, fikrimcə, ehtiyac yoxdur. Pandemiya şəraitində bizim özümüzü necə qorumalı olduğumuz kütləvi informasiya vasitələrində kifayət qədər işıqlandırılıb. Qısa olaraq qeyd edim ki, sanitar gigiyena qaydalarına ciddi riayət etmək lazımdır, ehtiyac olmadan yaşadığımız yerdən çıxmamalıyıq, əgər hər hansı səbəbdən çıxarıqsa mütləq maska taxmalıyıq, sosial məsafəni saxlamalıyıq. Maskaların düzgün taxılması çox vacibdir. Televiziya kanallarında bunu tez-tez nümayiş etdirirlər.

“Əziz həmvətənlər biz ciddi sınaq qarşısındayıq. Bu çətin zamanda bizi istəməyən daxili və xarici qüvvələr müxtəlif təxribatlara əl atırlar. Sosial şəbəkələrdə ağlasığmaz məlumatlar yayılır, bu şayiələrə inanmayın. Rəsmi kanallarda yayılan məlumatlara əsaslanın. Bizi istəyən, qoruyan rəsmi dövlət orqanlarımızdır. Prezident İlham Əliyev pandemiyadan ən az itkilərlə çıxmağımız üçün mümkün olan bütün tədbirləri görür. Gəlin dövlətimizlə, Prezidentimizlə həmrəy olaq! Çünki biz birlikdə daha güclü olarıq, həmişə olduğu kimi bu çətinlikdən də üzüağ çıxarıq. Biz ilk növbədə özümüzü qorumalıyıq. Özümüzü qorumaqla ailəmizi, yaxınlarımızı qorumuş oluruq və nəticədə bütün vətəndaşlarımızı qorumuş olarıq. Əziz həmvətənlər, bu ağır dövrdə sizə səbir, möhkəm iradə, dözüm, şayiələrə uymamağı və sağlam olmağınızı arzulayıram. Allah hər birinizi qorusun!", - deyə Novruz Quliyev qeyd edib.

http://science.gov.az/news/open/13477

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015