AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik Cəlal Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub
İyl 01, 2020 | 10:54 / Konfranslar, iclaslar
Oxunub 92 dəfə

İyunun 30-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının “Zoom” platforması üzərindən növbəti onlayn iclası keçirilib.

İclasdan əvvəl institutun bir qrup nümayəndəsi mərhum akademikin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarının önünə əklil və gül dəstələri qoyublar. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. O, iclasın dünya şöhrətli alim, akademik Cəlal Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunduğunu bildirib.

Akademik İ.Hüseynova Cəlal Əliyevin Azərbaycanda biologiya elminin inkişafında müstəsna xidmətlərindən bəhs edərək, onun elmi məktəbinin yetirmələrinin bu gün ABŞ, Kanada, İsveç, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və digər ölkələrin tanınmış universitetləri, elmi-tədqiqat müəssisələri, beynəlxalq mərkəzlərində fəaliyyət göstərdiyini deyib. Vurğulayıb ki, Cəlal Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsini qoyub, zəngin bir elmi məktəb formalaşdırıb.

Daha sonra görkəmli alimin tələbələri – AMEA-nın müxbir üzvləri Novruz Quliyevİbrahim ƏzizovTərlan Məmmədov, hazırda Cənubi Koreyanın Pusan Universitetində çalışan İsmayıl Zülfüqarov akademik Cəlal Əliyev haqqında xatirələrini bölüşüblər. Onlar C.Əliyev məktəbinin yetirmələri olmaları ilə fəxr etdiklərini, bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolunu qeyd ediblər.

İnstitutun gənc mütəxəssisləri adından çıxış edən qurumun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Ulduzə Qurbanova görkəmli akademikin elmi və ictimai fəaliyyətinin onlar üçün bir nümunə olduğunu vurğulayıb, C.Əliyevin elmi irsini qoruyacaqlarını və layiqincə davam etdirəcəklərini bildirib.

http://science.gov.az/news/open/13539

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015