AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik Seyfəddin Əliyevin 90 illik yubileyinə həsr olunan onlayn tədbir keçirilib
İyn 12, 2020 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 251 dəfə

AMEA-nın Zoologiya İnstitutunda görkəmli alim, akademik Seyfəddin Əliyevin 90 illik yubileyinə həsr olunan onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova açıb. O, zoologiya və entomologiya sahəsində tanınmış alim olan Seyfəddin Əliyevin səmərəli elmi fəaliyyətindən danışıb. Bildirib ki, S.Əliyev 168 elmi əsərin, o cümlədən 3 monoqrafiya, kənd təsərrüfatı işçilərinə kömək məqsədilə yazılmış 4 kitab və 3 elmi-kütləvi kitabçanın müəllifidir. Alim orta məktəb şagirdləri üçün hazırlanmış “Zoologiya” dərsliyinin və 10 cildlik “Azərbaycan ensiklopediyası”nın müəlliflərindən, eləcə də V.A.Dogelin universitetlər üçün rus dilində yazdığı “Onurğasızlar zoologiyası” dərsliyini Azərbaycan dilinə tərcümə edənlərdən biridir.

Diqqətə çatdırılıb ki, akademik S.Əliyev Azərbaycan dilinə tərcümə olunmuş 3 cilddən ibarət “Azərbaycanın heyvanlar aləmi” monoqrafiyasının II cildinin əsas tərtibçisi və məsul redaktorudur. Bundan başqa, o, ali məktəblər üçün yazılmış 9 dərsliyin, 2 dərs vəsaitinin, 6 monoqrafiyanın, 4 kitabçanın redaktoru, həmçinin Azərbaycan dilinin izahlı lüğətinin IV cildində verilən zoologiya və entomologiya terminlərinin tərtibçisidir.

Daha sonra akademik İradə Hüseynova yubilyarın yüksək insani keyfiyyətlərindən danışıb, onun Biologiya və Tibb Emləri Bölməsinin Fəxri fərmanına layiq görüldüyünü bildirib.

Tədbirdə Zoologiya İnstitutunun direktoru v.i.e., biologiya elmləri doktoru, dosent Elşad Əhmədov çıxış edərək Seyfəddin Əliyevin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, alim yüksəkixtisaslı kadrların hazırlanmasında da əvəzsiz rol oynayıb. O, öz bilik və bacarığını, zəngin təcrübəsini gənc tədqiqatçılara ötürərək onların yaxın məsləhətçisi və himayədarına çevrilib.

Onlayn tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü İlham Ələkbərov, professor Canbaxış Nəcəfov, b.ü.f.d. Qara Fətəliyev və başqaları çıxış edərək akademik S.Əliyevi yubileyi münasibətilə təbrik edib, onunla bağlı xoş xatirələrini bölüşüblər.

Sonda alimin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015