AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
İqlim dəyişmələrinin Azərbaycanın meşə landşaftlarına təsiri öyrənilir
May 19, 2020 | 06:08 / Mühüm hadisələr
Oxunub 14 dəfə

AMEA-nın Dendrologiya İnstitutunun Bitkilərin mühafizəsi laboratoriyasının əməkdaşları tərəfindən meşə landşaftlarının bioloji müxtəlifliyinin monitorinqi aparılır.

Tədqiqatların aparılmasında məqsəd iqlim dəyişmələrinin Azərbaycanın meşə landşaftlarının bioloji müxtəlifliyinə təsirini öyrənməkdir. Araşdırmalar zamanı növlərin taksonomik strukturunun analizi, bu növlərin iqlim dəyişkənliyi şəraitində kateqoriya və statusunun qiymətləndirilməsi, inkişafda olan təhlükəsiz və həssas növlərin müəyyənləşdirilməsi, GİS xəritələşdirmə, riyazi modelləşdirmə əsasında proqnozların verilməsi kimi elmi-fundamental araşdırmalar təhlil edilir.

Meşə landşaftlarının flora müxtəlifliyi üzrə tədqiqatların ilk nəticələrində ölkəmizin meşə landşaftlarında 96 fəsiləyə aid 749 bitki növünün taksonomik strukturu, bioekoloji xüsusiyyətləri, iqlim dəyişkənliyi şəraitində rezistentliyi müəyyənləşdirilib, fotomateriallar toplanıb. Landşafta əsasən, düzənlik, dağlıq, arid və tuqay meşələrində Rosaceae (Gülçiçəklilər), Asteraceae (Asterçiçəklilər), Labiatae (Dodaqçiçəklilər), Orchidaceae (Səhləbçiçəklilər), Cyperaceae (Cilçiçəklilər), Fabaceae (Paxlalılar), Apiaceae (Çətirçiçəklilər), Poaceae (Taxıllar), Ranunculaceae (Qaymaqçiçəklilər), Boraginaceae (Göyzəbankimilər) fəsilələrinə aid 155 cins, 452 növ aşkar edilib. Məlum olub ki, zəngin cins və növ müxtəlifliyinə malik olduqlarından bu növlər Azərbaycanın meşə landşaftları florasının inkişafda olan, təhlükəsiz növləridir.

Carex (Cil), Crataegus (Yemişan), Hieracium (Qırğıotu), Pyrus (Armud) Lathyrus (Gülülcə), Oxytropis (İtiqayıq) və Malus (Alma), Prunus (Gavalı), Viola (Bənövşə) cinsləri zəngin növ müxtəlifliyinə (8-32) malikdir. Bu cinslər də Azərbaycanın meşə landşaftları florasının inkişafda olan, təhlükəsiz və iqlim dəyişmələrinə qarşı dayanıqlı cinsləri hesab edilir. Araşdırmalar göstərir ki, meşə landşaftlarında 1-2 cins və ya növlə təmsil olunan fəsilələr də var.

İnstitutun mütəxəssislərinin qənaətinə görə, Alismataceae (Süsənbərçiçəklilər), Aquifoliaceae (Şümşəkimilər), Balsaminaceae (Balzaminkimilər), Buxaceae (Şümşətçiçəklilər), Cannabaceae (Kənafkimilər), Caryophyllaceae (Qərənfilçiçəklilər) və s. fəsilələr (ümumilikdə 42 fəsilə) Azərbaycanın meşə landşaftlarında zəif və həssas hesab olunur. Bu fəsilələr çox az sayda növlərlə təmsil olunduqlarından, iqlim dəyişmələri şəraitində mühitin əlverişsizliyi, bu növlərin məhv olması, floradan bütöv cins və fəsilənin silinməsinə səbəb ola bilər. Bu növlərin status və kateqoriyası müəyyən edildikdən sonra onların park və bağlarda çoxaldılması haqqında tövsiyələrin hazırlanması nəzərdə tutulur.

Hazırda institutda “Azərbaycanın meşə landşaftlarının bioloji müxtəlifliyinin taksonomik analizi (flora)” monoqrafiyasının və “Azərbaycanın meşə landşaftları flora atlası”nın hazırlanması və nəşri üzrə işlər davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015