AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Viruslara qarşı immunitetin möhkəmləndirilməsində bitkilər böyük rola malikdir
May 21, 2020 | 11:12 / Müsahibələr, çıxışlar
Oxunub 18 dəfə

Bütün orqanizmlər, o cümlədən, insanı əhatə edən mühit fiziki, kimyəvi və antropogen komponentlərin vəhdətindən ibarətdir və insanlar üçün təhlükə mənbəyidir. Səhiyyə sahəsində elmi nailiyyətlərin bu qədər inkişaf etdiyi bir dövrdə mikroskopik varlıqlar olan viruslar tam olaraq tədqiq olunmayıb.

Bu fikirləri AMEA-nın Dendrologiya İnstitutunun Ağac və kol bitkilərinin intraduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi işçisi İradə Məmmədova müsahibəsində səsləndirib. O, viruslar və onlara qarşı immunitetin möhkəmləndirilməsində bitkilərin rolundan danışıb.

Qeyd edib ki, hazırda tədqiq olunan virusların sayı beş minə çatır, lakin onların sayının bir milyondan çox olduğu güman edilir. Virusların təsnifatına görə RNT və DNT tərkibli olduğunu söyləyən İ.Məmmədova dünyanı əhatə edən COVID-19 virusunun RNT tərkibli Coronaviridae viruslar qrupuna aid olduğunu vurğulayıb.

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, bu virusdan qurtulmağın əsas yolları evdə qalmaq, sosial izolyasiya və şəxsi gigiyena (əl və respirator) kimi üsullara tam məsuliyyətlə yanaşmaq və immun sisteminin möhkəmlənməsi üçün bir sıra xalq təbabəti üsullarından istifadə etməkdir, – deyə bildirən İ.Məmmədova qeyd edib ki, bir sıra sadə vasitələr immuniteti yüksək səviyyədə saxlamağa, soyuqdəymə və virus xəstəliklərinə tutulmamağa, eləcə də bu xəstəlikləri daha asan keçirməyə kömək edə bilər.

O, əlavə edib ki, tədqiqatlar nəticəsində bir çox bitkilərin tərkibinin zənginliyinə görə immun sisteminin möhkəmlənməsində böyük əhəmiyyətə malik olduğu müəyyən edilib. Elmi araşdırmalar nəticəsində Exinaseya (Echinasea purpurea), Eleutherekok (Eleuthereucossus), Biyankökü (Glycyrrhiza), Cökə (Tilia), Qara qarağat (Ribes niqrum), Adaçayı (Salviya officinalis) və Adi mərsin (Myrtus communis L.) bitkilərinin immum mexanizmləri aktivləşdirdiyi, orqanizmin infeksiyalara qarşı davamlılığını artırdığı sübut olunub.

İ.Məmmədova qeyd edib ki, apardıqları elmi tədqiqatlar nəticəsində Adi mərsin bitkisinin yarpaqlarından QZX üsulu ilə alınan efir yağının komponent tərkibi oyrənilib və aşağı temperaturda qaynayan fraksiyanın tərkibində monoterpen birləşmələri qramla:α-pinen (14,5), kamfen (0,5), β-pinen (0,3), limonen (23,4), sineol(11,7),n-simeol (1,8) aşkar edilib. Adi mərsin efir yağının tərkibində olan limonen və linalool növ üçün ilk dəfə müəyyən edilib.

Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin Mikrobiologiya kafedrasında Mərsin efir yağının antimikrob və antifunqal xassələri öyrənilib. Laborator analizlərdə Disk – diffuziya üsulu ilə mərsin yağının 2%-li spirtli məhlulu ilə bəzi mikrob kulturalarından istifadə edərək yağın lizis məsafəsinə görə toksikliyi müəyyən edilib. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu təsir uçucu olmayan kristal maddələrin fəallığıdır. Bu maddələrin antibakterial fəallığı, mərsin efir yağının özünün aktivliyindən 500 qat daha yüksəkdir – onlar qram-müsbət sporsuz bakteriyalara, məsələn stafilokokların müxtəlif ştammları, vərəm, nefrit, xronoki pnevmoniya, bronxit, angina difteriya basillərinin və s. inkişafına maneə törədir.

Sonda İ.Məmmədova vurğulayıb ki, Adi mərsin bitkisinin yüksək antimikrob və fitonsid xüsusiyyətlərini nəzərə alaraq, bu bitkilərin qapalı və açıq məkanlarda istifadə olunması məqsədəuyğundur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015