AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Dendrologiya İnstitutunda koronavirusla mübarizədə sakitləşdirici və anksiolitik təsirə malik bitkilər yetişdirilir
May 18, 2020 | 05:05 / Mühüm hadisələr
Oxunub 273 dəfə

Bu gün dünya ölkələrində COVID-19 virusu ilə mübarizə aparılır və məcburi karantin rejimi tətbiq olunur. Sosial izolyasiya, uzun müddətli qapalı mühitdə yaşamaq yeniyetmə və yaşlı insanlarda emosional psixi gərginliyin artmasına, həmçinin qorxu və panikaya səbəb olur. Bu isə, öz növbəsində immun sisteminin kəskin zəifləməsinə gətirib çıxarır. Stres simptomları ilə mübarizə və profilaktika xroniki stress fonunda yaranan daha ciddi xəstəliklərin qarşısını almağa imkan verir və həyat harmoniyasını, yaşam həvəsini geri qaytarır.

AMEA-nın Dendrologiya İnstitutunda əsəb, yorğunluq, narahatlıq hallarında yuxusuzluğun aradan qaldırılmasına müsbət təsir göstərən sedativ (sakitləşdirici) təsirə malik dərman əhəmiyyətli bəzi bitki növləri mövcuddur.

Bunlardan biri - ən yaxşı sakitləşdirici vasitə hesab edilən, həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalı olan lavanda bitkisidir. Onun tərkibi efir yağları ilə zəngin olduğundan havada müxtəlif virusları məhv edir və onların kütləvi yayılmasının qarşısını alır. Lavanda bitkisi donuz qripi, quş qripi və adi qripdən qorunmağın ən effektli təbii üsulu olduğundan onun şəhərin parklarında əkilməsi məqsədəuyğundur.

Sedativ təsirli dərman bitkilərindən olan Ginko bilobanın tərkibi vitamin və minerallarla zəngindir. Beyin qan dövranını tənzimləyən və yaddaşı gücləndirən bu bitki yaşla bağlı meydana çıxan diqqət dağınıqlığı problemini aradan qaldırır, eşitmə və görmə zəifliyinin qarşısını alır.

Dendralogiya İnstitutunun eksperimental təcrübə sahəsində, həmçinin 2018-ci ildən vətəni tropik Amerika olan Passiflora İncarnata L növünün introduksiyasına başlanılıb. Hazırda tədqiqat işi uğurla davam etdirilir. Bitkidən hazırlanan preparatlar yuxusuzluqda, nevrosteniyalarda, əndişə pozğunluqları, autizm,  epilepsiya kimi xəstəliklərdə geniş istifadə olunur.

Bitkinin tərkibində olan passiflorin və harman alkaloidi monoaminoksidaza fermentini ingibə edərək sinaps boşluqlarında monoaminlərin artmasına səbəb olur. Məhz noradrenalin, serotonin, dofamin nəticəsində P.İncarnata antidepressant effekti yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015