AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanın görkəmli alimi vəfat etmişdir
May 10, 2020 | 05:35 / Mühüm hadisələr
Oxunub 32 dəfə

Ağayev Telman Məmmədəli oğlu 10 oktyabr 1935-ci ildə Ermənistan SSR-in (Qərbi Azərbaycan) Sisyan rayonunun Vaqudi kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini (1959), Azərbaycan SSR EA Fiziologiya Sektorunun aspiranturasını bitirmişdir (1967).

T.Ağayev 1969-cu ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adını almış (1989), AMEA-nın müxbir üzvü seçilmişdir (2001).

T.Ağayev 1960-cı ildən Naxçıvan MSSR Nazirlər Sovetində təlimatçı, kənd təsərrüfatı üzrə referent, 1963-cü ildən Kənd Təsərrüfatı Nazirliyində Hey-vandarlıq şöbəsinin müdiri, 1967-ci ildən EA-nın Fiziologiya Sektorunda (1968-ci ildən Fiziologiya İnstitutu adlandırılmışdır) kiçik elmi işçi, 1973-cü ildən böyük elmi işçi, 1975-2019-cu illərdə laboratoriya rəhbəri vəzifəsini daşımışdır. T.Ağayev Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini (1993-1995), direktor (1995-2013) vəzifələrində çalışmışdır. O, 2020-ci ildən baş elmi işçi kimi fəaliyyət göstərirdi.

T.Ağayev filogenez və ontogenezin ayrı-ayrı səviyyələrində orqanizmlərin mərkəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və aparıcı mütəxəssisi kimi tanınırdı. O, öz tədqiqatlarında heyvanların görmə, eşitmə və digər sensor funksiyalarının formalaşmasında beynin qlutamin turşusu və biogen aminləri tənzimləyici sisteminin rolunu, bu proseslərin neyrokimyəvi əsaslarını öyrənmişdir. Alim apardığı tədqiqatlarla təkamül və yaş fiziologiyası, biokimyasının inkişafını əhəmiyyətli elmi müddəalar və nəticələrlə zənginləşdirmiş, funksional neyrokimyanın perspektiv istiqamət-lərini irəli sürmüş, filo- və ontogenezdə analizator sistemlərinin normal inkişafı və funksiyalarının pozulduğu şəraitdə beyin strukturlarında metabolik dəyişikliklərin kompleks öyrənilməsini həyata keçirmişdir. T.Ağayevin elmi tədqiqatlarının digər bir aspekti heyvanlarda müxtəlif inkişaf mərhələ-lərində görmə və eşitmə sensor funksiyaların tənzimində məlumatların nəqli və beyin mərkəzlərində yenidən işlənməsinin neyrokimyəvi əsaslarının və bu proseslərdə neyromediatorların rolunun öyrənilməsi olmuşdu.

T.Ağayev 340 elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi olmuşdur. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 37 fəlsəfə və 10 elmlər doktoru hazırlanmışdır.

T.Ağayev Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü (1999), Respublika Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, Azərbaycan Fizioloqlar Cəmiyyətinin vitse-prezidenti (1995-2004) və prezidenti kimi fəaliyyət göstərmişdi (2005-2015). AMEA-nın “Xəbərlər (biologiya və tibb elmləri)”, “Ekoenergetika” və Gürcüstan EA “Xəbərlər” jurnallarının redaksiya heyətinin üzvü (2012), Beyin Tədqiqatları üzrə Beynəlxalq Təşkilatın (IBRO) üzvü olmuşdu. YUNESKO-nun Azərbaycan Respublikasında “Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası” Milli Komitəsində təmsil olunmüşdu (1996).

2013-cü ildə T.Ağayev Avropa Elmi-Sənaye Palatası tərəfindən diplom və qızıl medalla təltif edilmişdi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015