AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Virusa tam qalib gəlmək üçün dövlət orqanları və mütəxəssislər tərəfindən təklif edilən qaydalara ciddi əməl edilməlidir
May 05, 2020 | 06:42 / Müsahibələr, çıxışlar
Oxunub 40 dəfə

Dörd aydan artıqdır ki, dünyanın əksər ölkələri koronavirusdan əziyyət çəkir və hər gün yüz və minlərlə insan bu virusun qurbanına çevrilir. Elmi və texnoloji cəhətdən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz qalıb. Böyük təcrübəyə malik Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssislərinin, müstəqil ekspertlərin, alimlərin, bioloqların və virusoloqların ümumi rəyinə görə, COVID-19 xəstəliyinin törədicisinin – SARS-CoV-2 virusunun yoluxuculuq qabiliyyəti həddindən artıq yüksəkdir. Keçmiş pandemiyaların da təhlili göstərir ki, şayiələrə, elmi əsası olmayan yanaşmalara əsaslanmaq, davranışları mütəxəssislərin fikri əsasında deyil, bu yanaşmalara görə tənzimləmək xəstəliyin daha geniş vüsət almasına və yenidən alovlanmasına gətirib çıxarır. Bu sadə həqiqəti vaxtında qəbul etmiş ölkələrdə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində virusun tüğyan etməsinin qarşısı alınmış və itkilər digər dövlətlərlə müqayisədə xeyli az olmuşdur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov deyib.

Alim bildirib ki, virusun meydana çıxdığı Çin Xalq Respublikasının, eləcə də Cənubi Koreyanın təcrübəsi bir daha təsdiq etdi ki, virusa qarşı mübarizədə əsas amillər sosial məsafənin saxlanılması, sürətli testlərin aparılaraq xəstələrin müəyyənləşdirilməsi və izolyasiyası, şəxsi gigiyena qaydalarına əməl edilməsi və ən əsası xalqın məsul qurumlarla birlikdə mübarizəyə qoşulmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və düşünülmüş addımları nəticəsində ölkəmiz virusa qarşı mübarizədə təxirəsalınmaz tədbirlər həyata keçirdi və vaxt itirmədən virusun ölkədə geniş yayılmasının qarşısı alındı. Qısa müddət ərzində ölkəyə molekulyar səviyyədə testlər aparmaq üçün laboratoriyalar gətirilərək aktiv şəkildə istifadə edilməyə başlanıldı. Bu gün artıq ölkədə virusu təyin etmək üçün yüksək biotəhlükəsizlik standartlarına cavab verən 25-dən artıq laboratoriya fəaliyyət göstərir. Bununla yanaşı, koronaviruslu xəstələrin daha operativ və sistemli müalicəsi üçün güclü maddi-texniki bazaya və kadr potensialına malik xəstəxanalar ayrıldı, çox sayda vətəndaşımızın təhlükəsiz şəkildə ölkəyə gətirilməsi və karantinə alınması təşkil edildi, karantin dövründə əhalinin sosial müdafiəsinin təşkili məqsədilə müvafiq proqramlar hazırlanaraq icra edildi. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri pandemiya dövründə ölkədə görülən bütün tədbirləri yüksək qiymətləndirib, Azərbaycanı digər ölkələrə nümunə göstərib və ölkə prezidentinə təşəkkürünü bildirib.

Zeynal Əkbərov qeyd edib ki, hər hansı bir millətin mədəni inkişafının göstəricilərindən biri də onun fövqəladə vəziyyətlərdə düzgün qərar verməsi və bu qərara müvafiq davranışıdır. O millətlər mədəni hesab olunur ki, onlar çətin anlarda davranışlarında korrektələr edə bilir və xalqın ümumi mənafeyini hər şeydən üstün tutur. Karantin dövründə Azərbaycan xalqı öz tarixinin bütün çətin dövrlərində olduğu kimi həmrəylik və birlik nümayiş etdirdi və ölkədə aparılan düzgün pandemiya siyasətini dəstəkləyərək anlayışla qarşıladı. Sevindirici haldır ki, hətta bir çox inkişaf etmiş ölkələrdə belə insanların karantin rejiminə qarşı çıxması, mağazalarda əhalinin qeyri-adekvat davranışı üzündən müşahidə edilən ərzaq çatışmazlığı kimi gərginlik yaradan hallar ölkəmizdə müşahidə olunmayıb. Pandemiya dövrünün Azərbaycan xalqının ən əziz bayramı olan Novruz günlərinə təsadüf etməsinə baxmayaraq, yüksək mənəvi keyfiyyətlərə malik xalqımız qoyulan bütün qaydalara hörmətlə yanaşıb, böyük əksəriyyət bu qaydalara qeyri-şərtsiz riayət edib. Həkimlərimizin gərgin fəaliyyəti nəticəsində yüzlərlə xəstə tam sağalaraq öz ailəsinə qovuşub. Polis və daxili qoşunlarımızın əhali ilə qarşılıqlı mədəni münasibətləri isə hər bir ölkə üçün örnək rolunu oynaya bilər.

Pandemiya bütün dünyaya bir daha elmin nə qədər vacib olduğunu sübut etdi. Ümid edirik ki, pandemiyadan sonra artıq dünya dəyişəcək, elmə daha böyük üstünlük verilən, biotəhlükəsizliyin tam şəkildə bərqərar olduğu yeni sivilizasiyaya qədəm qoyacağıq. Çox inanırıq ki, böyük elmi potensiala və mənəvi dəyərlərə malik olan xalqımız və dövlətimiz də bu yeni qurulacaq sivilizasiyada öz layiqli yerini tutacaqdır.

Əldə edilən bu nailiyyətlərin saxlanılması və virusa tam qalib gəlmək üçün dövlət orqanları və mütəxəssislər tərəfindən təklif edilən vaxta qədər qoyulan qaydalara ciddi əməl etməklə öz həyatımızı və ümumilikdə xalqımızın sağlamlığını qorumalı və post-pandemiya dövrünə hazırlaşmalıyıq.

"Karantin qaydaları yumşaldıqca sosial məsafə, sanitar-gigiyena qaydalarına riayət edilməsinin vacibliyi bir qədər də artır. Bu qaydalar tək koronavirusa deyil, həmçinin bütün yoluxuculara qarşı səmərəli mühafizəni təmin etməkdə əhəmiyyətli rol oynaya bilər, ona görə də müəyyən mənada yaşam tərzimizə çevrilməlidir.

İnanın ki, doğrudan da, “Biz birlikdə güclüyük!”. Gəlin cənab Prezidentin çağırışları ətrafında daha sıx birləşək, birlikdə nə qədər güclü olduğumuzu sonunacan bütün dünyaya bir daha sübut edək!", - deyə Zeynal Əkbərov vurğulayıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015