AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Professor Amin Babayevin 70 yaşı tamam olur
May 05, 2020 | 09:51 / Yubileylər
Oxunub 43 dəfə

05 may 2020-ci il tarixində Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının və ekoloji kənd təsərrüfatı elmi məktəbinin banisi, kənd təsərrüfatı elmləri doktoru, əməkdar müəllim, professor Amin Hacıbaba oğlu Babayevin 70 yaşı tamam olur.

    Həyatının 48 ilini Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində elmi və elmi-pedaqoji fəaliyyətə həsr edən prof. A.Babayev Azərbaycanın torpaqşünaslıq elminə və o cümlədən, kənd təsərrüfatı elminin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

   A.H.Babayev 5 elmi monoqrafiya, 200-ə qədər elmi məqalə, 20 kitab, kitabça, broşur, dərslik və dərs vəsaitinin, 30-a qədər elmi-publisistik məqalənin müəllifi və 20-yə qədər əsərin elmi redaktorudur. O, 12 aspirantın və dissertantın elmi rəhbəri olmaqla və hal-hazırda elmlər doktorluğu üzrə 3 doktorantın elmi məsləhətçisidir. Onun elmi işlərinə rəhbərlik etdiyi 30-a qədər magistr hal-hazırda müxtəlif Beynəlxalq və yerli şirkətlərdə  menecer səviyyəsində fəaliyyət göstərirlər.

   A.Babayev son 30 ildə Azərbaycanda ilk dəfə olaraq 2 elmi-praktiki istiqamətin Ekoloji Təmiz Kənd Təsərrüfatı  və Aqrar Məsləhət və İnformasiya Xidmətinin əsasını qoyaraq bu sahələrin inkişafı üçün böyük əmək sərf etmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanun”-un müəllifidir. Prof. A.Babayev ölkəmizdə uğurla həyata keçirilən “Ekoloji kənd təsərrüfatının inkişaf perspektivləri” və “Səhralaşma ilə mübarizə üzrə tədbirlər sisteminin işlənib hazırlanması” kimi beynəlxalq layihələrə rəhbərlik etmişdir.

   Azərbaycanda əsası prof. A.H.Babayev tərəfindən qoyulan Ekoloji Kənd Təsərrüfatı Hərəkatının tarixi qısa bir dövrü əhatə etsə də bu ideya ölkəmizdə sosial hərəkata çevrilərək onun rəhbərliyi ilə bu istiqamətin dünya standartlarına uyğun elmi, elmi-metodiki və  elmi informasiya bazaları və bilavasitə iştirakı ilə hüquqi normativ bazası formalaşmışdır. Prof.A.Babayev müxtəlif kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq göstəriciləri əsasında orqanik (ekoloji) kənd təsərrüfatı sistemində “sağlam torpaq” anlayışının konkret torpaq ərazisinin inteqral ekoloji funksiyaları ilə bağlı olduğunu və təbii resursların keyfiyyətinin elmi əsaslarla qiymətləndirilməsi ideyasını uzun müddətli təcrübələr yolu ilə sübuta yetirmişdir.

Bu elmi tədqiqatlar praktiki problemlərin həlli yollarına həsr olunmaqla  Azərbaycanda yeni kənd təsərrüfatı sisteminin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən elmi tövfədir və  ölkəmizdə ekoloji tarazılığı qənaətbəxş hesab edilən bölgələrdə yüksək gəlirli investisiya proqramlarının həyata keçirilməsi üçün iqtisadi əhəmiyyət kəsb edir. Bu tədqiqatlara əsasən Gəncəbasar və Şəki-Zaqatala regionlarında konvensional və orqanik kənd təsərrüfatı sistemlərinin 2025-ci il üçün iqtisadi inkişaf hədəfləri müəyyən edilmişdir.

 A.Babayevin rəhbərlik etdiyi AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində (“Mərkəz”)  işlənilmiş “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün Milli Proqramın Konsepsiyası” AMEA-nın Rəyasət Heyətində müzakirə edildikdən sonra bunun əsasında hazırlanan “Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatının İnkişafı üzrə Dövlət Proqramı” layihəsi AR Nazirlər Kabinetinə təqdim edilmişdir. “Mərkəz”-in işləyib hazırladığı təkliflər  AR Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə  “7.4 Ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi” prioriteti kimi qəbul olunmuşdur.

      A.Babayevin rəhbərlik etdiyi “Mərkəz”-in elmi fəaliyyəti Azərbaycanın kənd təsərrüfatı praktikasında ilk dəfə olaraq tətbiq olunan 5 müasir texnologiya (enerji və torpaq qoruyucu texnologiyalar) üzrə aparılan elmi təcrübələrə həsr olunub. “Mərkəz”-in son iki ildə fəaliyyəti sayəsində regionda ekoloji təmiz kənd təsərrüfatı üzrə təlim və seminarlarda iştirak edən 500-dən çox fermerdən 400 nəfərinin və yaxud 80 fermer qrupunun Avropanın akkreditasiya orqanları tərəfindən sertifikatlaşdırılaraq “Ekofermer” statusu qazanması Azərbaycanda ilk hadisədir.

  “Mərkəz” 23 sentyabr 2018-ci ildə ekoloji təmiz kənd təsərrüfatı sahəsində fəaliyyətinə görə Beynəlxalq Ərzaq Keyfiyyəti və Sağlamlıq Assosiasiyasına üzv qəbul edilmişdir.

   A.Babayev BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki, Gürcüstan Dövlət Aqrar Universitetinin Fəxri doktoru, “Ekoloji Kənd Təsərrüfatı” jurnalının baş redaktoru, Beynəlxalq  “Известия Аграрной Науки” jurnalının redaktor müavini, UNESKO-nun “İnsan və Biosfera” Azərbaycan Milli Komitəsinin əsərləri məcmuəsinin redaksiya heyətinin üzvü, “Türkiyə Tarımsal Araşdırmalar Dərgisi”-nin və Beynəlxalq “Проблемы агрохимии и экологии” jurnallarının redaksiya heyətlərinin üzvü olmaqla yanaşı MDB üzrə «Агрохимэкосодружество»-nun vitse-prezidenti, EUCARPİA(Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyası), SSA (Amerika Torpaqşünaslar Cəmiyyəti) və İFOAM-in(Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) və Avroasiya Torpaqşünaslar Cəmiyyətinin üzvü olaraq Azərbaycan elmini Beynəlxalq təşkilatlarda bacarıqla təmsil edir. O, 1997-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur.

   Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli sərəncamı ilə A.Babayevə  “Əməkdar müəllim” fəxri adı verilmişdir.

  Prof. A. Babayev elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının 26 yanvar 2010-cu il tarixli qərarı ilə M.V.Lomonosov adına Ordeni və 29 iyun 2015-ci il tarixli qərarı ilə “Alim Ulduzu” medalı təltif olunaraq ona əməkdar elm xadimi fəxri adı verilmişdir.

  Prof. A.Babayev ekoloji kənd təsərrüfatı üzrə dünyada hər 3 ildən bir təşkil olunan  və 2017-ci ildə Almaniyada keçirilən Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin laureatıdır. Bu mükafat İFOAM,  FAO və Rapunzel təşkilatları tərəfindən 2008-ci ildə təsis olunaraq dünyada elmi-ictimai fəaliyyətli qlobal və bəşəri əhəmiyyət kəsb edən şəxslərə təqdim olunur.

Prof.A.Babayev torpaqşünaslıq və orqanik kənd təsərrüfatı sahələri üzrə ölkəmizdə və onun hüdudlarından uzaqlarda kifayət qədər tanınan yüksək ixtisaslı mütəxəsisdir. O, sadə və təvazökar insan olmaqla yanaşı, vətəninə, elinə-obasına qarşı dərin sevgisinə görə seçilən, ağsaqqallığı və ziyalılığı ilə ictimayyət arasında hörmətlə qarşılanan dəyərli şəxsiyyət və ailə başcısıdır.

 

© bteb.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015