AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın Xarici Əlaqələr İdarəsinin rəisi biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Apr 08, 2020 | 12:24 / Yubileylər
Oxunub 479 dəfə

Əlirzayeva Esmira Həsən qızı 11 mart 1970-ci ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

1987-ci illərdə Bakı şəhəri 82 saylı orta məktəbi medalla, 1992-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini  fərqlənmə diplomu ilə bitirib. Təyinatla Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutuna göndərilib. O, 1992-1995-ci illərdə Botanika İnstitutunun “Bitki fiziologiyası” ixtisası üzrə aspirantı olub. 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2008-ci ildə dosent elmi adını alıb.

E.Əlirzayeva 1996-2008-ci illərdə AMEA Botanika İnstitutunun Bitkilərin köklə qidalanmasının fiziologiyası laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və Kənd Təsərrüfatı Elmləri Ekspert Komissiyasının elmi katibi olub. 2008-2016-ci illərdə AMEA Botanika İnstitutunun Elmi informasiya və innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildən AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisidir, eyni zamanda, AMEA Botanika İnstitutunun Bitkilərin fizioloji ekologiyası laboratoriyasına rəhbərlik edir.

E.Əlirzayeva 1998-ci ildən bir sıra beynəlxalq (NATO, STCU, ICBA-CAC, Alman Əməkdaşlıq Təşkilatı (GTZ) və s.) və yerli (Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və s.) fondların dəstəyilə çoxsaylı beynəlxalq elmi proqram və layihələrdə iştirakçı və rəhbər kimi fəaliyyət göstərib. O, həmçinin AMEA Botanika İnstitutu tərəfindən həyata keçirilən bir sıra uzunmüddətli layihələrin, o cümlədən  2009-2019-cu illərdə Volskwagen Fondunun dəstəyilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (Almaniya) ilə “Qafqazın bitki müxtəlifliyinin mühafizəsi üçün yanaşmaların işlənib hazırlanması” layihəsi; 2011-2015-ci illərdə Beynəlxalq Botanika Bağlarının Mühafizəsi Təşkilatı və Fribourg Təbiət Tarixi Muzeyinin (İsveçrə) dəstəyilə “Zelkova cinsinin saxlanması” layihəsi və bu çərçivədə 2014-cü ildə Bakıda və 2015-ci ildə Fribourgda “Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda Sərginin təşkili; 2013-2014-cü illərdə Andrew W. Mellon Fondunun dəstəyilə Qlobal Bitki Təşəbbüsü qrupu ilə “Herbari tip nümunələrinin rəqəmsallaşdırılması və məlumat mübadiləsi” layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi olub.

E.H.Əlirzayeva 2000-ci ildən müxtəlif vaxtlarda iştirakçısı olduğu layihələr çərçivəsində, həmçinin DAAD, Humboldt Fondu, Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın gənc alimlərinin Avropada postdoktoral tədqiqatları üçün ayırdığı və s. fərdi qrantların qalibi kimi Almaniya, Finlandiya, Türkiyə və s. ölkərlərin qabaqcıl elmi təşkilatlarında qısa- və uzunmüddətli tədqiqatlar aparıb.

E.Əlirzayeva əldə etdiyi elmi nəticələr üzrə 2005-ci ildən müxtəlif ölkələrdə (İtaliya, İsveçrə, Hindistan, ABŞ, Almaniya, Finlandiya, Panama, Çexiya, Türkiyə, Fransa və s.) keçirilən nüfuzlu elmi forumlarda dəvətli məruzəçi kimi çıxış edib, həmçinin müxtəlif elmi tədbirlərə sessiya sədri və beynəlxalq təşkilat komitəsinə üzv kimi dəvət olunub.

E.H.Əlirzayevanın elmi tədqiqatlarının nəticələri əksəriyyəti xaricdə olmaqla 60-dan çox elmi əsərdə, 1 kitab və 3 kitab fəslində (Springer nəşriyyatı tərəfindən nəşr edilən) əks olunub. O, həmçinin 3 kitabın ingilis dili üzrə tərçüməçisi və korrektoru olmuşdur. E.H.Əlirzayeva “Internartional Journal of Phytoremediation” tərəfindən Redaksiya Heyətinin üzvlüyünə daxil edilib.

E.Əlirzayeva AMEA Botanika İnstitutunun magistraturasında tədris edir.doktorant, dissertant və magistrlara rəhbərlik edir, O, məktəblilər və tələbələr üçün təşkil edilən FameLab, International Junior Science Olympiad, Inepo-Eurosia International Environmental Project Olympiad, II Bilik Sərgisi kimi müsabiqələrdə jüri və komissiya üzvü olub.

E.Əlirzayeva  AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri diplomuna (2015), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “İlin alimi” mükafatına (2016), AMEA-nın Fəxri fərmanına (2020) layiq görülüb.

 

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyi və kollektivi Esmira xanımı 50 illiyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı elmi fəaliyyətində böyük uğurlar arzulayır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015