AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Klinik, regenerator və translyasion təbabət üzrə elmi şuranın iclası keçirilib
Fev 13, 2020 | 05:03 / Konfranslar, iclaslar
Oxunub 230 dəfə

Fevralın 10-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Klinik, regenerator və translyasion təbabət üzrə elmi şurasının iclası keçirilib.

Tədbiri şuranın sədri, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, elmi tədqiqatların prioritet istiqamətlər üzrə aparılmasını təmin etmək, mövzuların təkrar işlənməsinin qarşısını almaq, eləcə də tədqiqatların nəticələrini təhlil etmək və qiymətləndirmək şuranın başlıca vəzifələrindəndir. Alim elmi tədqiqatların nəticələrinin təcrübədə tətbiqi barədə elmi və ali təhsil müəssisələrindən, müvafiq nazirlik və idarələrdən məlumat almaq və onların təhlili əsasında çıxarılan nəticələri elmi işlərdə nəzərə almağı tövsiyə etmək kimi məsələlərin də şuranın səlahiyyətləri çərçivəsində olduğunu bildirib.

Gündəliyinə çıxarılan ilk məsələ tibbi tədqiqatların prioritet istiqamətlərinin təsdiqi olub. İclasda regenerator təbabət, genomika, molekulyar biologiya, translyasion tibb, sübutlu təbabət, habelə informasiya kommunikasiya texnologiyalarının tibbdə tətbiqi (süni intellekt) və s. sahələr müasir tibb elminin prioritet istiqamətləri kimi qəbul edilib və sözügedən ixtisaslar üzrə tədqiqat işlərinin aparılması qərara alınıb.

Sonra dissertasiya işlərində annotasiyaların yazılma qaydalarını əks etdirən metodiki vəsaitin müzakirəsi aparılıb. N.Bayramov annotasiyanın elmi işlə bağlı ilkin fikrin formalaşmasında önəmli rol oynadığını deyib. O, təcrübəli mütəxəssislər tərəfindən bu istiqamətdə doktorant və dissertantlara maarifləndirici seminarların keçirilməsinin zəruriliyini qeyd edib.

N.Bayramov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə koordinasiya şuralarının səlahiyyətlərinin artırıldığını deyərək, şura üzvlərini və elmi rəhbərləri dissertasiya işlərinə rəy verən zaman məsuliyyətli olmağa çağırıb.

Daha sonra tibb üzrə elmlər doktoru Rasim Cəfərli çıxış edərək şuraya göndərilən dissertasiya işlərində rast gəlinən başlıca problemlərin annotasiya və abstraktların yazılma qaydaları ilə bağlı olduğunu söyləyib, bu istiqamətdə müvafiq tövsiyələrini verib.

İclasda bir sıra cari məsələlərə də baxılıb.

 

© www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015